İranda qəzəbli tələbələr prezidentin sözçüsünü zaldan qovublar.
Lent.az “Mouze” teleqram kanalına istinadən xəbər verir ki, İran prezidentinin sözçüsü Əli Bəhadori Cəhromi ötən gün güc göstərmək və tələbələri susmağa məcbur etmək üçün “Xacə Nəsir” Universitetinə gedib. Lakin burada tələbələr tərəfindən etirazla qarşılanıb, fitə tutulub və nəhayət universitetdən qovulub.
Narazı tələbələr mühazirə zalının içərisinə və xaricinə toplaşıb prezidentin sözçünün universitetə gəlməsinə etiraz olaraq müxtəlif şüarlar səsləndiriblər. O, çıxış etmək və tələbələrlə görüşmək üçün həmin universitetə getsə də, tələbələrin sərt reaksiyası ilə üzləşib.
Tələbələr, “Biz korrupsioner sistem istəmirik, biz qatil qonaq istəmirik”, "Hökumət sözçüsü, get rədd ol", "Bütün bu illər boyu cinayət, ölüm olsun bu vilayətə (dini rəhbər)", "Diktatora ölüm olsun" şüarları səsləndiriblər.
Sonda Rəisi hökumətinin sözçüsü Cəhromi universitetdən qaçmağa məcbur olub.