Vətən müharibəsinin şəhid qəhrəmanlarından biri də əsgər İsa Məhərrəmovdur.
APA TV-nin məlumatına görə, o, 1999-cu ildə Bakı şəhərində anadan olub. Hələ məktəbli yaşlarından şəhid olduğu günədək yaxın və uzaq çevrəsindəki hər kəs vətənpərvər biri kimi tanıyırdı onu.
Ailəsi deyir, hətta hərbi xidmətə yollandığı gün izdiham əlindən tərpənmək olmurmuş...
- Çox ağıllı, hamıya hörmət qoyan oğlan idi. Çox həvəsli uşaq idi.
- O, mənim şirin balam idi, ərköyün balam idi. Balamın balasıydı. Atası rəhmətə gedəndə mənə tapşırmışdı onu ki, bəs, ay ana, İsadan muğayat ol.
- Dedilər ki, ikinci oğul dünyaya gələndə qoy ana tərəfi versin ona adını. O adı verməyi mənə tapşırdılar, böyük xalasına. Mən də “İsa” qoydum adını ki, o ad onu qorusun, adıyla böyüsün mənim balam. Ancaq ad onu qorumadı.
Hələ məktəbli yaşlarından bir çox sahəyə marağı vardı. Anası Kəmalə xanım deyir, seçdiyi istənilən sənətə hobbi kimi yanaşırdı...“Bir az rəqsə getdi. Sonra beş il nağara ilə məşğul oldu. Orta məktəbdə oxuyurdu o zamanlar. Sonra məktəbi qurtardı, həvəsli olduğundan fotoqraflığa başladı”.
Şəhidin əmisi yoldaşı Səyyarə Məhərrəmova deyir ki, İsa Məhərrəmov çox zəhmətkeş olub: “İnanırsız, gedirdi nağara məktəbinə, oradan gedirdi şəkil çəkməyə. Uşaqlar onu çox istəyirdi. Gedirdi onlarla birlikdə, usta işləyirdi ki, evə çörək pulu gətirsin”.
Atası iflic xəstəsi olduğundan, ailənin bütün yükünü İsa daşıyırdı çiyinlərində. Anası işləmək istəsə də, o, icazə verməmişdi. Gah fotoqraflıq, gah rəqqaslıq, gah da digər sənətlərə baş vururdu. Hətta 2017-ci ildə Bakı Kooperasiya və Biznes Kollecindəki təhsilini yarım qoyub hərbi xidmətə yollandığı Naxçıvanda belə ailəsini maddi dəstəksiz qoymurdu. İlk hərbi uğurlarını da elə bu ərəfələrdə qazanmışdı. “Günnüt” əməliyyatı onun parlaması üçün əsl fürsətə çevrilmişdi... “İki dəfə məzuniyyətə buraxılıb. Torpaqların alınmasında iştirak etdiyi üçün. Sonra oradan gəldi, davam elədi. Oxudu, bitirdi kolleci. Bircə diplomu qalmışdı...(ağlayır)”
Ancaq diplomunu götürmək qismətində yoxmuş İsanın. Təhsilini ikinci dəfə və əbədilik yarımçıq buraxaraq gedir. Sentyabrın 8-də vəfat etmiş atasının qırx mərasiminə “Narahat olmayın, ana. Mən gələcəm demişdi”. Amma... “Deyirdi, “özünüzə ancaq yaxşı baxın”. Deyirdim, İsa, mənə söz vermisən, sağ-salamat, qələbə ilə gələcəksən. Bayraqla. Ancaq mən bilmədim ki, o, tabutda gələcək (göz yaşına boğulur)”.
18 oktyabr 2020-ci il. İsa gün ərzində evdəkilərlə, sadəcə, bir dəfə danışıb. Hər kəs Anası xəbər gözləyir. Nəhayət, axşam Məhərrəmovlar ailəsinə növbəti dəfə zəng gəlir. Sanki sonuncu vida mərasimini telefon vasitəsilə qurur şəhidimiz, evdəki hər kəslə danışır. Üzrxahlıq edir mərasimə qatıla bilmədiyi üçün...
- 18-i qırxını verdik, danışdıq. Qurtaranda qardaşından soruşdum ki, ay İsmayıl, İsa zəng eləmişdi? Dedi, hə, xala, zəng eləmişdi, amma bir dəfə zəng eləmişdi.
- Ayın 18-i zəng elədi telefonla. Dedi ki, İsmayıl, mən qabağa gedirəm. Özünüzə yaxşı baxın. Dedim, İsa, gələndən sonra mənə zəng eləyərsən. İsadan 19-u xəbər gəlmədi.
- 19-u xəbər çıxmadı. Elə bacımdan soruşdum ki, ay Kəmalə, bəs nə oldu? Deyirdi, bəs o tapşırdı ki, bizə çox zəng vura bilmərəm. Amma demirdi ki, onları qabağa salırlar.
- 20-si elə mən işdəydim. Axşam gələndə uşaqlar zəng vurdu ki, hardasan? Dedim, işdəyəm. İkinci dəfə uşaqlar zəng vuranda artıq şübhələndim, qaçaraq gəldim. Dedilər ki, İsa yaralanıb.
Ayağından qəlpə yarası almışdı. Ailəsi deyir ki, qardaşı nə qədər zəng eləsə də, bütün çağırışları cavabsız qalmışdı.
- Bir ayın içində iki igid itirdim. Sentyabrın 8-i atası rəhmətə getdi nəvəmin. Dözə bilmirəm, vallah dözə bilmirəm.
- O, bizə yalan danışmazdı. Amma yalan danışdı. Bu günə qədər də ona yalançı deyirəm mən. O, belə qayıtmamalıydı... (ağlayır).
- Deyirdi, mama, özünüzə yaxşı baxın. Hər şey yaxşı olacaq. Ancaq heç nə yaxşı olmadı. Mən balamla fəxr edirəm. Mənim balam qəhrəmandır!
- Qardaşım igid idi mənim. Axırıncı dəfə elə ayın 17-si danışdıq onunla. Dedi, özünüzdən muğayat olun.
Oktyabrın 19-u Qubadlıda yaralanıb Füzulidə şəhadət zirvəsinə ucaldı İsa. Ölümünü əbədi gediş kimi xatırlayır xalası. Deyir, bütün Yasamaldan, dost-qohumdan, hamımızdan qopub getdi o. Anası hələ də yolunu gözləyir. Nənəsi artıq xatirəyə çevrilmiş nəvəsinin dostca rəftarından danışıb ağlayır. Qardaşı məzarı önündə diz çökür. Azərbaycan xalqı isə ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş, vətəni öz atasından belə əziz tutmuş Şəhid İsa Məhərrəmov kimi xatirəsi qarşısında fəxarətlə baş əyir.
Mir Çingiz Ağazadə
Üzeyir Ağayev
APA TV