İnsan ayağı dəyməyən 7 məkan
15 iyul 2026 10:14 (UTC +04:00)

İnsan ayağı dəyməyən 7 məkan

0

Mütəxəssislər indiyədək insanın ayaq basmadığı unikal məkanların siyahısını hazırlayıblar. Bu ərazilərin bir hissəsi qalın buz təbəqəsinin altında gizlənir, digərləri isə qanunlar və dini qadağalar səbəbindən toxunulmaz qalıb.

Lent.az xarici mediaya istinadən coğrafiyaşünaslar və səyyahların tərtib etdiyi Yer üzünün ən təcrid olunmuş və sirli bölgələrinin siyahısını təqdim edir.

1. Mari Berd Torpağı (Qərbi Antarktida)

Ən diqqətçəkən nümunələrdən biri Qərbi Antarktidada yerləşən nəhəng Mari Berd Torpağıdır.

Təxminən 1,6 milyon kvadratkilometr ərazini əhatə edən bu bölgə rəsmi olaraq heç bir dövlətin suverenliyinə daxil deyil. Alimlərin hesablamalarına görə, ərazinin buz örtüyünün 99 faizindən çoxuna indiyədək insan ayağı dəyməyib.

Bu ərazi elm üçün də böyük əhəmiyyət daşıyır. Burada yerləşən Tveyts buzlağının sürətlə əriməsi qlobal istiləşmə səbəbindən dünya okeanının səviyyəsinin ciddi şəkildə yüksəlməsi təhlükəsini yaradır.

2. Myanmanın Şimal Meşə Kompleksi

İnsan təsirinin demək olar ki, hiss olunmadığı digər bölgə Myanmadakı Şimal Meşə Kompleksidir.

30 min kvadratkilometrdən artıq ərazini əhatə edən sıx tropik meşələr təxminən 6 min bitki və heyvan növünün yaşayış yeridir. Onlardan 1 500-ə yaxını yalnız bu bölgədə rast gəlinən endemik növlərdir.

Ölkədə onilliklərdir davam edən siyasi qeyri-sabitlik və silahlı münaqişələr səbəbindən bu ərazi təxminən 70 il ərzində dünya elmi üçün əlçatmaz qalıb.

3. Qanqxar Puensum dağı (Butan)

Butandakı 7 550 metr hündürlüyündəki Qanqxar Puensum zirvəsi bu gün də dünyanın fəth olunmamış ən hündür dağı hesab edilir.

Zirvənin əlçatmaz qalmasının səbəbi yalnız çətin relyef deyil. Yerli əhali inanır ki, burada müqəddəs ruhlar yaşayır və onların rahatlığını pozmaq olmaz.

Bu səbəbdən Butan hökuməti əvvəlcə dağa qalxmağa məhdudiyyət qoyub, sonradan isə alpinizm üçün bütün icazələrin verilməsini tamamilə dayandırıb.

4. Maçapuçare dağı (Nepal)

Nepalda yerləşən və "Balıq quyruğu" formasını xatırladan Maçapuçare zirvəsi də müqəddəs hesab olunur.

Hind inanclarına görə, bu dağ Tanrı Şivanın məskənidir. 1957-ci ildə britaniyalı alpinistlər zirvəyə bir neçə metr qalmış könüllü şəkildə geri dönüblər. Bundan sonra isə dağa qalxmaq qanunla tam qadağan edilib.

5. Summa-Ri və Nyençentanqla-Şərq dağ silsilələri

Çin və Pakistan sərhədində yerləşən Summa-Ri zirvələri rəsmi olaraq alpinizm üçün açıq olsa da, son dərəcə təhlükəli şərait səbəbindən faktiki olaraq əlçatmaz sayılır.

Nəqliyyat yollarının olmaması, dərin buz çatları və daimi qar uçqunu təhlükəsi burada ekspedisiya təşkil etməyi demək olar ki, mümkünsüz edir.

Oxşar vəziyyət Tibetdə yerləşən Nyençentanqla-Şərq dağ massivində də müşahidə olunur. Buradakı 150-dən çox yüksək zirvədən yalnız çox az hissəsi fəth edilib.

6. Şimal Buzlu okeanındakı Qakkel sualtı silsiləsi

Yer kürəsinin okean dərinlikləri də hələ tam öyrənilməyib. Alimlər bildirirlər ki, dünya okeanının dibinin yalnız kiçik hissəsi ətraflı xəritələşdirilib.

Ən az araşdırılmış ərazilərdən biri Şimal Buzlu okeanında yerləşən Qakkel sualtı silsiləsidir.

Təxminən 2 min kilometr uzunluğunda olan bu nəhəng sualtı vulkan zənciri ilboyu qalın buz təbəqəsi altında qaldığı üçün tədqiqat aparatlarının belə ora çatması çox çətindir.

7. Yukatan senotları və Son Donq mağarası

Yeraltı dünya da hələ çoxlu sirrlər saxlayır.

Meksikanın Yukatan yarımadasında minlərlə senot – dərin karst quyusu mövcuddur. Onların yalnız kiçik hissəsi speleoloqlar tərəfindən araşdırılıb.

Mütəxəssislər hesab edirlər ki, bu sualtı boşluqların altında minlərlə kilometr uzunluğunda, tamamilə qaranlıq və indiyədək öyrənilməmiş keçidlər gizlənir.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 26

Oxşar yazılar