Vüqar Biləcəri kimdir?  - “Özünü bədbəxt eləyən şair”in sonuncu zəngində  dediyi sözlər...
29 avqust 2026 20:15 (UTC +04:00)

Vüqar Biləcəri kimdir? - “Özünü bədbəxt eləyən şair”in sonuncu zəngində dediyi sözlər...

0

Bu gün meyxanaçı Vüqar Biləcərinin vəfatından 6 il ötür.

Lent.az "Bioqrafiya" rubrikasında onun haqqında məlumatları təqdim edir.

Vüqar Biləcəri kimdir?

- Vüqar Biləcəri məşhur meyxanaçı və şairdir. 

O nə zaman dünyaya gəlib?

- Vüqar Paşayev (Biləcəri) 24 avqust 1988-ci ildə Bakıda doğulub.

Onun təhsil həyatı necə keçib?

- O, 1993-cü ildə 199 saylı məktəbə daxil olub və buranı bitirib. Daha sonra Mədəniyyət və İncəsənət Universitetində musiqi təhsili alıb. 

Vüqar Paşayev meyxanaya nə zaman başlayıb?

- O, 2004-cü ildə, 16 yaşında olarkən "De, gəlsin" meyxana yarışmasına qatılır. Aydın Xırdalanlı, Namiq Qaraçuxurlu və Mehman Əhmədlinin münsif olduğu yarışmada finala qədər gəlib çıxır. Finalda adaşı Vüqar Şiriyevə uduzur. 

O, hansı janr və vəzndəki şeirləri ilə məşhurlaşıb?

- Vüqar Biləcəri əruz vəznindəki şeir və qəzəlləri ilə tanınıb, sevilib.

Onun qəzəllərinin əsas mövzusu nə olub?

- Bir sıra şeir və qəzəllərində qarşılıqsız sevgi, ayrılıq və həsrət motivləri, həmçinin Allaha inam mötivləri üstünlük təşkil edib.

Şairə əruz vəznini sevdirən kim olub?

- Vüqar 12-13 yaşından Məhəmməd Füzulinin yaradıcılığı ilə maraqlanmağa, onu öyrənməyə başlayıb. Hətta namaz qılmaq üçün məscidə gedəndə özü ilə Quran əvəzinə, Füzulinin qəzəllər toplusunu aparıb. Yaxınlarının danışdıqlarına görə, dəfələrlə Füzulinin kitablarını oxuduğu yerdə kitabın üzərinə başını qoyaraq yuxuya gedirmiş.

Vüqar Paşayevin "Biləcəri" təxəllüsü götürməsinə səbəb nə idi?

- Vüqarın uşaqlıq və yeniyetməlik illəri Biləcəri ilə bağlı olub. Məhz bu səbəbdən sonralar “Biləcəri” təxəllüsü onun sənətində imzasına çevrilib.

Meyxanadan başqa hansı sahə ilə maraqlanıb?

- Vüqar Paşayevin əsl doğum ili 1987-ci il olub. Gənclik illərində güləşlə maraqlanıb və məşğul olub. Bu səbəbdən sənədlərdə yaşı bir il kiçildilib.

Nə zaman meyxanadan uzaqlaşmaq qərarına gəlib?

- Vüqar istədiyi dəyəri almadığı üçün 2008-2009-cu illərdə meyxanadan uzaqlaşmaq qərarına gəlir. Fərqli üslubu onu toylardan da kənar qoyub və bu amil həvəsdən düşməsinə səbəb olub. Lakin 2010-cu ildə ondan sonuncu dəfə dostu Rəşad Dağlının toyunda iştirak etməsini xahiş edirlər. Vüqarın planına görə, Rəşad Dağlının toyunda son dəfə meyxana deməli və sənətindən uzaqlaşmalı idi. Lakin Elşən Xəzərlə deyişməsindən sonra ona rəğbət artır, daha çox tanınmağa, sevilməyə və məclislərə dəvət almağa başlayır. Beləliklə, Vüqar sənətindən çəkilmək qərarından bir gecə içində daşınır.

Şairin hansı kitabı nəşr edilib?

- Sağlığında xeyli şeir müəllifi olan Vüqarın "Qərib Xəyal" və "14 əsr sonra" kitabları o, dünyasını dəyişdikdən sonra dostları, eləcə də yaxınları tərəfindən işıq çap olunub.

Onun ailə həyatı necə keçib?

- Vüqar Biləcəri heç vaxt ailə həyatı qurmayıb. Bununla belə, onun nakam məhəbbəti olub. Belə ki, ölümündən sonra açıqlama verən Samirə adlı xanım Vüqarla illərdir sevgili olduğunu, lakin 2 uşaqlı boşanmış qadın olduğu üçün onunla evlənmək istəmədiyini deyib. Qadının sözlərinə görə, bu münasibətdən Vüqarın anası Mətanət xanım da xəbərdar olub, hətta onlar küsdükdə cütlüyü barışdırırmış. Vüqarın ömrünün son illərində isə onlar danışmayıblar.

O, ömrünün son illərində hansı sənət dostu ilə düşmən olub?

- Həyatının son illərində ağır xəstəliyə tutulan Vüqar bunun günahını sənət yoldaşlarından birində görürmüş. Buna səbəb əvvəllər spirtli içki içməyən və siqaret çəkməyən Vüqarın həmin dostunun təsiri ilə siqaretə başlaması olur. Hətta məlumatlara görə, dəfələrlə həmin dostuna zəng edərək onu acılayıb və düşdüyü vəziyyətdə sənət yoldaşını təqsirli hesab edib. Bəzi mənbələrdə onun Orxan Lökbatanlı ilə küsülü olduğu yazılsa da, meyxanaçı bunu təkzib edib. Orxanın sözlərinə görə, Vüqarın anası Mətanət xanım iflic olduqdan sonra şair hər şeydən küsüb və nəticədə xəstəlik tapıb.

Şair son günlərini necə keçirib?

- Ölümündən bir-iki gün əvvəl Biləcəri ruhanilərindən Hacı xan Mirzəyə zəng edərək halallıq istəyib. “Mənəm, özünü bədbəxt eləyən şair” deyib, ruhanilərin qarşısında xəcalətli olduğunu söyləyib. Yaxınlarının dediklərinə görə, ölümünü hiss edən şair onlara zəng edərək Həzrəti Əli haqqında şeirlər söyləyərək ağlayırmış.

Vüqar Biləcəri hansı xəstəlikdən müalicə alıb?

- Məlumatlara görə, onun ayağında yaranan yara ağırlaşıb, infeksiya və toxuma çürüməsi ilə gedən qanqrenə çevrilib. Ölümündən əvvəl 20 gündən çox xəstəxanada müalicə alıb, amma orqanizmi xeyli zəiflədiyi üçün vəziyyəti düzəlməyib. 

Vüqar Biləcəri nə zaman dünyasını dəyişib?

- 28 avqust 2020-ci ildə, gecə saatlarında şairin vəziyyəti ağırlaşıb və təcili xəstəxanaya aparılıb. Vüqar Biləcərinin uşaqlıq dostu Hacı Rövşən ölümündən bir neçə dəqiqə əvvəl onun yanında olub. Danışa bilmədiyini və gözlərinin bağlandığını görən Rövşən əlini sinəsinə qoyaraq “Ayətül-kürsü” oxuyub. Vüqar səsi çıxmasa da, ağzını açıb-bağlayaraq ona təşəkkür edib. Bir qədər sonra Rövşən xəstəxananın həyətinə düşüb. Geri qayıdanda isə Vüqarın reanimasiyada olmadığını görüb. Tibb bacısı başı ilə ona Vüqarın ürəyinin dayandığını bildirib. 29 avqust tarixində dünyasını dəyişən şair Hökməli qəbiristanlığında dəfn edilib.

Onun büstü harada yerləşir?

- Ölümündən təxminən bir il sonra Vüqar Biləcərinin Hökməli qəbiristanlığındakı məzarı üzərində büstü ucaldılıb. Qəbirüstü abidəyə şairin öz misraları da həkk olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 204

Oxşar yazılar