Gəlin etiraf edək ki, hər addımda selfi çəkənləri çoxları sevmir. Bəzi şəhərlərdə isə turistlər, gözəl məkanları uzun müddət tutaraq ideal şəkil çəkməyə çalışanlara görə hətta cərimə olunur.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, Mayorka adasında yerləşən Kalyvia kurort şəhəri bu vəziyyətlə mübarizə aparmaq əvəzinə onu dəstəkləmək qərarına gəlib. Bu tarixi şəhər XVII əsrə aid klassik memarlığı, həmçinin çimərliklərə və dağ mənzərələrinə rahat çıxışı ilə məşhurdur.
Bələdiyyənin ən böyük kurortlarından biri olan Maqalufda 2026-cı ilin aprel ayında gözəl şəkillər çəkmək istəyən turistlər üçün yeni “selfi marşrutu” istifadəyə verilib. Marşruta strateji şəkildə yerləşdirilmiş fotobudkalar daxildir. Bu məkanlar həm turistləri, həm də yerli sakinləri şəhərin və özlərinin təsirli şəkillərini çəkərək "Instagram"da paylaşmağa təşviq edir. Şəhər şurasının mətbuat açıqlamasında qeyd olunur ki, turistlərə “ideal şəkil və selfi çəkməyə imkan verən patentləşdirilmiş ağıllı istiqamətləndirmə sistemi” təqdim olunur.
Hazırda Paseo Kalyvia promenadı və Maqaluf çimərliyi yaxınlığındakı sahil xəttində dörd xüsusi selfi nöqtəsi quraşdırılıb. Bunların arasında tarixi Kas Saboners malikanəsi (burada səhər tezdən şəkil çəkmək tövsiyə olunur) və İlya-de-Sa-Porrassa adası da var. Gələcəkdə Torre-de-Torrenova malikanəsində daha üç belə məntəqənin yaradılması planlaşdırılır. İstifadəçilər bir neçə kliklə ən yaxşı şəkilləri çəkmək üçün marşrut qura bilirlər. Bundan əlavə, turistlərin hər bir nöqtə haqqında daha ətraflı məlumat əldə etməsi üçün bir neçə dildə audio bələdçi təqdim edən veb tətbiq də hazırlanıb.
Kalyvia hakimiyyəti bildirib ki, bu təşəbbüs davamlı turizmin təşviqinə yönəlmiş daha geniş kampaniyanın bir hissəsidir. Layihə Balear adalarının hökuməti tərəfindən dəstəklənir və Mayorkanın davamlı turizm vergisi hesabına maliyyələşdirilir. Təşəbbüs turistlər və yerli sakinlər arasında “məsuliyyətli davranışı təşviq etməyə, birgə yaşayışı və ətraf mühitin qorunmasını dəstəkləməyə” yönəlib.