"Telegram"a süni intellekt əsaslı  "redaktor" əlavə olunur
28 mart 2026 06:48 (UTC +04:00)

"Telegram"a süni intellekt əsaslı "redaktor" əlavə olunur

0

"Telegram"ın süni intellektə əsaslanan "redaktor" funksiyası yaradılır. Sınaq versiyasında olan bu yenilik istifadəçilərə daxili süni intellekt (Sİ) vasitəsilə mesajlarını elə çat pəncərəsində dəyişdirməyə şərait yaradır. Yeni alət vasitəsilə yazılardakı orfoqrafik xətaları aradan qaldırmaq, mətnin üslubunu formalaşdırmaq və müxtəlif dillərə tərcümə etmək mümkündür.

Lent.az xəbər verir ki, bu yenilik barədə məlumatı "Durovun Kodu" kanalı paylaşıb.

Sözügedən funksiyanın köməyi ilə istənilən mesajı daha rəsmi şəklə salmaq, həcmini azaltmaq və ya xüsusi tərzdə yenidən tərtib etmək olar. Aləti işə salmaq məqsədilə minimum üç sətirdən ibarət mətn yazılmalıdır, bundan dərhal sonra yazışma sətrinin kənarında "süni intellekt" düyməsi peyda olur. Yenilənən mətn əvvəlki versiyanın əvəzinə çatda göndərilə bilir.

Test mərhələsində olan funksiyadan standart istifadə üçün müəyyən məhdudiyyətlərin olduğu, lakin premium abunəçilərin bu imkandan 50 dəfə daha çox yararlana biləcəyi qeyd edilir. Təqdim edilən alət gündəlik danışıqlar, rəsmi yazışmalar və mətnlərin tərtibatı zamanı əlavə proqramlara ehtiyac duymadan işləyən daxili asistent kimi fəaliyyət göstərir.

İndiki mərhələdə "AI Editor" yalnız Android üçün nəzərdə tutulmuş "Beta" tətbiqdə işləyir. Bu texnologiya istifadəçilərin şəxsi yazışmalarını kənar şəxslərə ötürmədən təhlil edə bildiyini bəyan edən mərkəzləşdirilməmiş "Cocoon" sistemi üzərində qurulub.

Qeyd edək ki, "Telegram" şirkəti bir müddət əvvəl məxfilik təhlükəsizliyinə görə "Grok" çatbotunun tətbiqə inteqrasiyasından vaz keçmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 232

Oxşar yazılar