Paltaryuyan maşında zaman keçdikcə yuyucu vasitələrin qalıqları, kir, nəm və ərp toplanır. Bu isə xoşagəlməz qoxunun yaranmasına, yuma keyfiyyətinin aşağı düşməsinə və hətta cihazın ömrünün qısalmasına səbəb ola bilər.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, paltaryuyan maşının təmiz saxlanılması üçün sadə və ucuz vasitələrdən biri ağ sirkədir.
Mütəxəssislər bildirirlər ki, ağ sirkənin tərkibində olan sirkə turşusu mineral çöküntüləri, yuyucu vasitə qalıqlarını və ərpi həll etməyə kömək edir. Ondan vaxtaşırı və az miqdarda istifadə paltaryuyan maşının barabanında yaranan xoşagəlməz qoxunu aradan qaldıra, daxili hissələrin təmizliyini qoruya bilər.
Ağ sirkənin şlanqlarda və daxili kanallarda ərpin yığılmasını azaltmağa kömək etdiyi də bildirilir. Bundan başqa, sirkə paltarlarda qalan yuyucu vasitə izlərini təmizləyə və parçaların daha yumşaq olmasına kömək edə bilər.
Mütəxəssislər paltaryuyan maşının bir-iki aydan bir dərindən təmizlənməsini məsləhət görürlər. Bunun üçün bir və ya iki stəkan ağ sirkəni birbaşa barabana və ya yuyucu vasitə bölməsinə əlavə etmək, daha sonra maşını paltarsız şəkildə isti su ilə tam yuma proqramında işə salmaq tövsiyə olunur.
Proqram bitdikdən sonra maşının qapısını açıq saxlamaq lazımdır ki, daxili hissələr tam qurusun.
Həmçinin az miqdarda ağ sirkəni yumşaldıcı üçün nəzərdə tutulan bölməyə əlavə etməklə paltarlarda qalan yuyucu vasitə qalıqlarını azaltmaq mümkündür.