Counterpoint Research şirkətinin aparmış olduğu tədqiqata əsasən 2024-cü ildə insanlar gün ərzində ortalama olaraq 205 dəfə smartfonlarını yoxlayıblar.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, bu o deməkdir ki, yuxu prosesini saymasaq, istifadəçilərin çoxu öz smartfonları ilə hər 5 dəqiqədən bir qarşılıqlı əlaqədə olurlar. Aparılmış tədqiqat onu göstərib ki, smartfonu daimi şəkildə yoxlamaq artıq həyatımızın ayrılmaz hissəsinə çevrilib və bu davranış insanların özəl və professional tərəflərinə təsir göstərir. Məlumatda qeyd edilib ki, smartfonla daimi qarşılıqlı əlaqə əsasən messencerlərlə, sosial şəbəkələrlə və bildirişlərlə əlaqəlidir.
Tədqiqatda qeyd edilib ki, istifadəçilərin 40%-i hətta heç bir məqsəd olmadan smartfonların ekranlarını aktivləşdirirlər. Bu isə öz növbəsində avtomatik davranış patternlərinin formalaşmasından xəbər verir. Mütəxəssislər bunu tətbiqlərdən istifadə hallarının artması ilə əlaqələndirirlər. Bu məsələnin narahatedici tərəfi ondadır ki, istifadəçilərin çoxu smartfonlardan həddən artıq istifadənin mənfi nəticələrə səbəb olduğunu etiraf edib. Bu cür mənfi nəticələr arasında yuxu pozğunluğu, produktivliyin aşağı düşməsi və ünsiyyətdə problemlər var. Mütəxəssislər belə halların yaşanmaması üçün smartfondan istifadə müddətinin məhdudlaşdırılmasını və bildirişlərin deaktiv edilməsini məsləhət görürlər.