“Neftçi” Samir Abasovla yollarını ayırıb.
Lent.az xəbər verir ki, bu barədə Bakı klubunun mətbuat xidməti məlumat yayıb.
Klubun açıqlamasına əsasən, komandanın baş məşqçisi Samir Abasovun iştirakı ilə görüş keçirilib və komandanın cari mövsümdəki çıxışı müzakirə olunub.
Bildirilib ki, Samir Abasova ötən ilin oktyabrında müqavilə imzalanandan bəri rəhbərlik tərəfindən hər cür dəstək göstərilib. O cümlədən transfer fəaliyyəti və komanda quruculuğunda baş məşqçiyə tam səlahiyyət verilib.
Mövsümlərarası fasilədə və mövsüm başlayandan sonra həyata keçirilən 14 transferin hamısı Samir Abasovun istəyi və təsdiqi ilə gerçəkləşib. Komandanı tərk edən oyunçularla bağlı bütün qərarlar da baş məşqçi tərəfindən verilib.
Müqavilə bağlanarkən Abasovun qarşısına yaradıcı və hücumameyilli futbol sərgiləmək, eləcə də komandanın iştirak etdiyi bütün turnirlərdə yüksək nəticələr qazanmaq hədəfi qoyulub.
Bununla belə, ötən 12 tur ərzində nə komandanın inkişaf dinamikası, nə də turnir cədvəlində tutduğu mövqe qənaətbəxş sayılıb. Baş məşqçi mövsüm ərzində komandanın oyundan-oyuna yüksələn qrafik göstərəcəyini, noyabr ayında futbolçuların ən yaxşı forma səviyyəsinə çatacağını vəd etsə də, son matçlarda oyun keyfiyyətinin aşağı düşdüyü müşahidə edilib. 12 oyunda yalnız 3 qələbənin qazanılması arzuolunan nəticə kimi qəbul olunmayıb, “İmişli” ilə görüşdəki məğlubiyyət isə enişin kulminasiya nöqtəsi hesab edilib.
Samir Abasovun “Neftçi”də həm futbolçu, həm də məşqçi kimi xidmətləri, eləcə də bu mövsümdəki çalışqanlığı nəzərə alınaraq, klub ona peşəkar etika naminə istefa verməyi təklif edib.
Lakin Samir Abasov təqdim olunan arqumentlərlə razılaşmayaraq, nəticələrin elə də pis olmadığını, uğursuzluqların birbaşa onun məşqçilik fəaliyyətindən deyil, təsadüfi amillərdən qaynaqlandığını bildirib. O, mövsümün sonunda komandanın ilk “üçlüy”ə düşəcəyinə əmin olduğunu deyib və istefa verməkdən imtina edərək qeyd edib ki, müqaviləyə birtərəfli xitam verildiyi halda tam həcmdə təzminat tələb etmək niyyətindədir.
Bütün qeyd olunanları nəzərə alaraq, “Neftçi” Samir Abasovu istefaya göndərib. Klubda çalışdığı müddətdə göstərdiyi əzmkarlığa və peşəkar iş etikasına görə ona təşəkkür edilir, gələcək karyerasında uğurlar arzulanır.
Hazırda yeni baş məşqçi axtarışları davam edir. Komandanı 28 noyabrda “Turan Tovuz”la keçiriləcək qarşılaşmaya hazırlamaq isə Sənan Qurbanova həvalə olunub.