Bu nəqliyyat vasitəsi mədən əməliyyatlarının çox vacib bir hissəsidir. İnsanların bərpa olunan enerji mənbələrinə keçməyə çalışmasına baxmayaraq, kömür hələ də olduqca önəmli yanacaq resursu olaraq qalır. Kömürün yerin dərin qatlarından çıxarılması isə heç də asan deyil və bunun üçün ağır texnikadan istifadə tələb olunur.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, söhbət Bagger 293 adlı rotor ekskavatordan gedir.
Bagger 293 ekskavatoru TAKRAF şirkəti tərəfindən istehsal olunub. Bu ekskavatorun uzunluğu 225 metr, hündürlüyü isə 96 metrdir. Tank tırtıllarına bənzər tırtılları sayəsində Bagger 293 mədən sahələrində hərəkət edə bilir və yer üzərində insanın palçıqda yeriməsi qədər az iz buraxır. Bu, xüsusilə ekskavatorun 14 200 ton çəkisi olduğunu nəzərə alsaq, olduqca təəccüblüdür.
Bagger 293 yer səthinin altındakı kömürə çıxış əldə etmək üçün “vskryşa” adlanan böyük həcmdə artıq süxurun (üst qatın) çıxarılması məqsədilə hazırlanıb.
Bagger 293 bir sutka ərzində 240 min kvadrat metrə qədər dağ kütləsini yerindən tərpədə bilir. Ekskavatorun çarxında ümumilikdə 18 ədəd kovş yerləşdirilib. Bu kovşlar torpaq və daşları yığaraq kömür layını üzə çıxarır və daha sonra kömürün çıxarılması mümkün olur. Bagger 293 1995-ci ildən istifadə olunur. Buna baxmayaraq, bu ekskavator hələ də mədən əməliyyatlarında çox önəmli rol oynayır.