Adi fleşkart kimi görünən USB Killer cihazı elektronikanı zədələyə və USB-portu tamamilə yararsız hala sala bilər. Demək olar ki, bütün müasir avtomobillərdə smartfonları şarj etmək və Android Auto kimi multimedia sistemlərinə qoşulmaq üçün USB-portlar olur. Sürücülərin əksəriyyəti bu çıxışları təhlükəsiz və universal hesab edir.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, avtomobilin USB-portuna qətiyyən qoşulmamalı olan bir növ USB cihazı var.
Söhbət “USB-Killer” adlanan cihazdan gedir. Bu qurğu zahirən adi fleşkartı xatırladır, amma elə xüsusi şəkildə hazırlanıb ki, USB-portuna qoşulduqda elektrik enerjisini toplayır və daha sonra yüksək gərginliyi dəfələrlə birbaşa portun içinə ötürür.
Nəticədə, cihaz qoşulan kimi portun idarəetmə çipini və onunla əlaqəli elektronikanı ani şəkildə sıradan çıxara bilər. Avtomobillərdə bu xüsusilə təhlükəlidir, çünki USB çıxışları adətən birbaşa multimedia sistemi, bort kompüteri və digər modullarla bağlı olur. Məşhur bir təcrübədə texnobloqer EverythingApplePro belə bir cihazı avtomobilinin USB-portuna qoşub. Nəticədə multimedia sistemi yenidən başladılıb və USB-port işləməz hala düşüb — cihaz ayrıldıqdan sonra belə port smartfonu şarj edə bilməyib.
Bir çox USB-ionizator hava təmizləyiciləri “USB-killer” kimi maskalana bilər, buna görə də alış mənbəyinə diqqət etmək son dərəcə vacibdir. Təhlükəli cihazı adi USB qadcetindən ayırd etmək demək olar ki, mümkün deyil — əsas fərq çox vaxt korpusun içində cəmi bir naqildə olur. Bu səbəbdən istifadəçi hansı cihazla qarşılaşdığını yalnız avtomobilin elektronikası zədələndikdən sonra anlaya bilər.
Mütəxəssislər avtomobildə yalnız yoxlanılmış kabellərdən və yaddaş qurğularından istifadə etməyi, həmçinin adi fleşkart kimi görünsə belə şübhəli USB cihazlarını heç vaxt qoşmamağı tövsiyə edirlər.