Ağıllı köməkçi, yaxud təhlükəli illüziya  – ChatGPT haqqında həqiqət
20 fevral 2026 15:20 (UTC +04:00)

Ağıllı köməkçi, yaxud təhlükəli illüziya – ChatGPT haqqında həqiqət

0

Süni intellekt həyatın müxtəlif sahələrinə sürətlə inteqrasiya olunur. Stil və psixologiyadan sonra indi də sağlamlıq mövzusu gündəmə gəlib. OpenAI şirkəti ChatGPT Health adlı yeni bölməni istifadəyə verib. Bu format istifadəçilərin analiz nəticələri, əlamətlər və sağlam həyat tərzi ilə bağlı suallarını daha sistemli şəkildə cavablandırmaq üçün nəzərdə tutulub.

Məlumata görə, hər gün milyonlarla insan ChatGPT-yə dərmanlar, tibbi terminlər və özünü necə hiss etməsi ilə bağlı suallar ünvanlayır. Artan maraq fonunda yaradılan ChatGPT Health onlayn diaqnostika xidməti deyil və həkim müayinəsini əvəz etmir.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, platformanın əsas məqsədi pasiyentlərin həkim qəbuluna daha hazırlıqlı gəlməsinə kömək etməkdir.

Xidmət analiz nəticələrinin izahı, əlamətlərin strukturlaşdırılması, həkimə veriləcək sualların hazırlanması və sağlamlıq göstəricilərinin dinamikasının izlənməsi kimi funksiyalara fokuslanır.

Ekspertlər qeyd edirlər ki, bu yanaşma qəbul prosesini daha məhsuldar edə bilər. Belə ki, həkim əsas anlayışları izah etməyə daha az vaxt sərf edir və diqqət pasiyentin real ehtiyaclarına yönəlir. Eyni zamanda birgə qərarvermə prosesi də asanlaşır.

Bununla yanaşı, mütəxəssislər risklərə də diqqət çəkirlər. Bildirilir ki, süni intellektə həddindən artıq etibar təhlükəlidir. ChatGPT cavabları “ikinci tibbi rəy” kimi qəbul edilməməlidir. Alqoritm istifadəçini görmür, səs tonunu və fərdi tibbi konteksti bilmir.

Qeyd olunur ki, ChatGPT tibbi terminləri izah edə və istifadəçiyə düzgün suallar formalaşdırmağa kömək edə bilər. Lakin diaqnoz qoymaq, xəstəliyin gedişini proqnozlaşdırmaq və konkret müalicə planı tövsiyə etmək onun funksiyası deyil. Tibbi qərarlar mütləq həkim tərəfindən təsdiqlənməlidir.

Məxfilik məsələsi də xüsusi vurğulanır. Platformaya daxil edilən məlumatlar tibbi sirr qanunları ilə qorunan həkim-pasiyent münasibətinə daxil deyil.

Ekspertlərin proqnozuna görə, yaxın 5 ildə süni intellekt tibbin mərkəzi deyil, yardımçı aləti olacaq. Həkimlər sənədləşmə və məlumat analizində AI-dən istifadə edəcək, pasiyentlər isə onu şəxsi sağlamlıq köməkçisi kimi görəcəklər. Lakin etibar, empatiya və klinik qərarvermə insan faktorunun əsas üstünlüyü olaraq qalacaq.

Mütəxəssislər xüsusilə psixi sağlamlıq, reproduktiv sağlamlıq, psixoaktiv maddələrdən istifadə, HİV statusu və genetik məlumatlar kimi həssas mövzularda daha diqqətli olmağa çağırırlar.

Beləliklə, ChatGPT Health tibbi məlumatın daha əlçatan olmasına töhfə verə bilər. Ancaq o, həkimi əvəz etmir və klinik məsuliyyət daşımır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 276

Oxşar yazılar