Ötən gün Zaqatalada müəllim və valideynlərin internat tipli gimnaziyanın bağlanmasına etiraz etmələri barədə xəbər vermişdik.
Hadisə ilə bağlı rəsmi açıqlama verilməsə də Lent.az məslənin mahiyyətini öyrənə bilib.
Əldə etdiyimiz məlumata görə, Zaqatala şəhər İnteqrasiya təlimli internat tipli gimnaziya 367 şagird təhsil alır. Gimnaziya statusunda olmasına baxmayaraq bu təhsil müəssisəsində göstəricilər rayon üzrə ən sonuncu yerdədir. Hətta bu gimnaziyanın göstəriciləri rayonun ən zəif orta məktəbinin göstəricisindən də aşağıdır.
Məlumat üçün qeyd edək ki, gimnaziya statusu daşıyan təhsil müəssisələri hər zaman təhsilin keyfiyyəti ilə seçilir. Bu gimnaziyada isə vəziyyət əksinədir.
Orada təhsilin keyfiyyətini artırmaq məqsədi ilə bəzi təkliflər irəli sürülüb. Bu təkliflərdən biri də təhsil müəssisəsində gimnaziya statusunun ləğv edilməsi və onun bazasında yatılı liseyin yaradılmasıdır.
Burada təhsil müəssisəsinin bağlanmasından söhbət getmir. Əksinə təhsil müəssisəsinin daha da təkmilləşdirilməsi nəzərdə tutulub. Belə ki, həmin təhsil ocağı lisey statusu alarsa ora ibtidai təhsili bitirmiş və yüksək göstəriciləri olan şagirdlər qəbul olunacaq. Həmçinin orada oxuyan şagirdlər təhsil müəssisəsinin yataqxanasından da faydalana biləcəklər.
Təhsil müəssisəsinin lisey statusu aldıqdan sonra orada ibtidai təhsilin ləğv ediləcəyi ilə bağlı müəllim və valideynlərin narahatlığına gəldikdə isə bu məsələnin də problemsiz həll ediləcəyi bildirilir. Belə ki, ibtidai siniflərin rayonun başqa məktəblərinə köçürülməsi nəzərdə tutulub. Orada dərs deyən müəllimlərin də digər məktəblərə yerləşdirilməsi təmin olunacaq.