Mərdəkanda evləri su basdı – KİMDİR GÜNAHKAR?
16 may 2025 16:00 (UTC +04:00)

Mərdəkanda evləri su basdı – KİMDİR GÜNAHKAR?

Bakının Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Rəfael Cəfərov küçəsi və ona parelel ərazidə yaşayan sakinlər 2024-cü ilin okyabr yağışlarından bəri subasma ilə mübarizə aparırlar. Artıq iş o həddə çatıb ki, su evlərdəki məişət əşyalarını xarab edəcək səviyyəyə yüksəlib. 

Bu barədə Lent.az-a şikayət daxil olub.

Şikayətçilərin sözlərinə görə, yağışlardan sonra onlar öz imkanlarıyla sel sularının təmizlənməsini, zirzəmilərdən suyun çəkilməsini təmin ediblər. Lakin problem bitməyib, daha da artıb.

Müraciət etdikləri yerli icra orqanları və bələdiyyələrin mütəxəssisləri sakinlərə deyiblər ki, ərazidə çirkab sularının axıdılması üçün kanalizasiya qurğusu və drenaj sisteminin olmaması bu vəziyyətə səbəb olub. Kanalizasiya və drenaj sisteminin qurulması isə yerli orqanların imkanında deyil. 

Lent.az sakinlərin probləriylə bağlı Xəzər rayon İcra Hakimiyyətinə və İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə sorğu ünvanlayıb. 

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, qeyd olunan ünvanda qurumun mərkəzləşdirilmiş tullantı su şəbəkəsi və yağış drenaj sistemi mövcud deyil:

"İntensiv yağıntılar zamanı təchizat sistemi olmayan ərazilərdə ətrafa, həyətyanı sahələrə suyun yığılması hallarına rast gəlinir. Belə hallarda relyefin əlverişili olduğu ərazilərə müvafiq sukanal idarəsinin qəza briqadası cəlb edilərək istismar qaydalarının mümkün şərtləri çərçivəsində yığılan suyun maşınlar vasitəsilə qismən və ya tam çəkilməsi təmin edilir. 

Həmçinin tullantı su şəbəkəsi olmayan ərazilərdə ADSEA-nın sifarişi ilə təchizatın qurulması üçün müvafiq layihə sənədləri hazırlanıb. Layihələrin icrası təchizat sisteminin mövcudluğu, ərazinin relyefi, texniki vəziyyəti və digər amillər nəzərə alınmaqla həyata keçirilir. Şəbəkələrin inşası agentliyin tədbirlər planına uyğun olaraq mərhələlərlə aparılır".

Xəzər rayon İcra Hakimiyyətindən isə bildirildi ki, yağış və tullantı sularının toplanması, təmizlənməsi, təkrar istifadəsi, kənarlaşdırılması Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin vəzifələrinə aid edilib:

"Bununla əlaqədar Xəzər Rayon İcra Hakimiyyəti tərəfindən müvafiq zəruri tədbirlərin görülməsi məqsədilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə ünvanlanmış müraciətə cavab olaraq bildirilib ki, sözügedən ərazidə kanalizasiya şəbəkəsi mövcud olmadığından yaşayış məhəllələrində tullantı və səth sularının idarə edilməsində çətinliklər yaranıb.

Eyni zamanda, fərdi tikililərin tullantı sularının həyətyanı sahədə qazılmış yeraltı şambolara axıdılması da öz növbəsində subasma prosesinin dinamikasının yüksəlməsinə zəmin yaradır. Həmçinin təqdim olunmuş məlumatda bildirilib ki, hazırda magistral kanalizasiya kollektorlarının layihələndirilməsi işləri ilə bağlı müvafiq təkliflər hazırlanıb və dövlət investisiya proqramında nəzərə alınması üçün aidiyyəti üzrə təqdim edilib. Layihə sənədləri hazırlandıqdan və aidiyyəti dövlət qurumları ilə razılaşdırıldıqdan sonra tikinti-quraşdırma işlərinin növbəti illərin dövlət investisiya proqramı çərçivəsində mərhələli icrası nəzərdə tutulub".


1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1546

Oxşar yazılar