“Elgünlər”  niyə öldürülür?: Səbəblər və günahkar - ARAŞDIRMA
16 may 2025 14:36 (UTC +04:00)

“Elgünlər” niyə öldürülür?: Səbəblər və günahkar - ARAŞDIRMA

Mayın 12-si axşam saatlarında Gəncədə 18 yaşlı Elgün İbrahimov küçədə döyülərək tərk edilib və ertəsi gün aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.

Lent.az xəbər verir ki, hadisə sosial şəbəkələrdə ürək ağrısı ilə müzakirə edilib.

Belə ki, bir sıra müğənni və blogerlər Elgünün qətli ilə bağlı paylaşım edərək məsələyə biganə qalmayıblar.

Müğənni İradə İbrahimova paylaşımında bildirib ki, cani nəslin təməlini ata, ana qoyub:

"Bu körpəyə qıyan uşaqlar belədirsə, görün onların ata-anaları necədir. Cani nəslin təməlini qoyan ana-atadır. Görəsən, "Biz harada səhv etdik" deyirlər? Çətin! Bəlkə də qürurla ətrafda dolaşacaqlar. Ürək ağrısı... Əlimizdən nə gəlir ki?"

Həmçinin aktyor Hikmət Rəhimov da cinayətə münasibət bildirib:

“Göte deyir ki, bir cəmiyyətin nə vəziyyətdə olduğunu bilmək istəyirsinizsə, onun teatrına baxın. Heç kim cəmiyyət üçün heç nə etmək istəmir. Nə qədər adamla söhbət etmək istədim, anladım ki, mümkün deyil. Boş-boş danışmağı əla bacarırıq. Bütün çəkdiyim filmlərin mövzusu sevgisizlik idi. Cəmiyyətin hara üz aldığını bilirdim. Bu, bir nəfərə maraqlı oldu? Qətiyyən. Çünki əyləncəsi yemək olan bir toplum, belə bir vəziyyətə gəlməlidir”

Elgünün qətlinə səssiz qalmadılar... — Fotolar

Bəs bu cür cinayətlər nədən qaynaqlanır?

Mövzuyla bağlı Lent.az-ın suallarını cavablandıran psixoloq Elnur Rüstəmov bildirir ki, bu cür faciəvi cinayətlərin yaranmasında tək bir səbəb deyil, bir neçə sistemli və psixososial faktorların birləşməsi mühüm rol oynayır:

“Hadisənin cəmiyyətin hansı təbəqəsində və hansı yaş qrupunda baş verməsindən asılı olmayaraq, aşağıdakı əsas amillər ön plana çıxır. Birinci ailə mühiti və emosional inkişaf diqqətdə saxlanmalıdır. Çünki ailə, hər bir insanın ilk psixoloji məktəbidir. Aqressiv və qeyri-sağlam ailə mühitində böyüyən uşaq, duyğularını idarə etməyi bacarmır. Əgər uşağın valideynləri arasında zorakı münasibətlər, laqeydlik və ya hiper nəzarət varsa, bu uşaqda travmatik təcrübələr yarada bilər. Bu da sonradan impulsiv davranışlara, empatiya çatışmazlığına və emosional soyuqluğa səbəb olur”.

Psixoloq 2-ci amil kimi cəmiyyətin zorakılığı sanki normallaşdırmasını qeyd edib:

“Televiziya, sosial şəbəkələr və bəzən təhsil mühitində belə zorakılıq dolayısı ilə təşviq edilir. Gənclər bəzən qəhrəmanlıqla zorakılığı səhv salırlar. Əgər bir cəmiyyətdə aqressiv davranışlar cəzasız qalırsa və ya ictimai qınaq zəifdirsə, bu, digər gənclər üçün modelə çevrilir. Digər amil məktəb və sosial adaptasiya problemləridir. Məktəblərdə psixoloji dəstək sisteminin zəif olması, müəllimlərin şagirdlərin psixososial vəziyyətinə yetərincə diqqət ayırmaması, zorakılıq və təhqir halları ilə üzləşən yeniyetmələrin zamanla travmatizə olması və bunun intiqam hissinə çevrilməsi mümkündür. Məktəb yalnız akademik deyil, eyni zamanda emosional tərbiyə məkanıdır”.

Bu gün psixoloq Elnur Rüstəmovun doğum günüdür | Cenublu.az

Elnur Rüstəmovun sözlərinə görə, vacib amillərdən biri psixoloji problemlər və diaqnoz olunmamış pozuntulardır:

“Bəzən gənclər davranış pozuntuları, şəxsiyyət pozuntuları və ya emosional tənzimləmə problemləri yaşayır, lakin bu erkən mərhələdə nə valideyn, nə də müəllim tərəfindən fərq edilmir. Bu isə zamanla kontrolsuz impulslar, qəfil partlayışlar və hətta cinayətə aparan davranışlara səbəb ola bilər”.

“Qeyd edim ki, yeniyetməlik dövrü “qəbul olunmaq” dövrüdür. Bəzi gənclər yanlış sosial qruplara qoşularaq zorakılığı “dostluğun sübutu” kimi qəbul edir. Xüsusən də marginal və ya küçə qrupları bu baxımdan risklidir. Ona görə də cəmiyyətdə bu cür halların qarşısını alması üçün ailədə sağlam münasibətlərin qurulması, məktəblərdə gücləndirilmiş psixoloji xidmətlərin tətbiqi, sosial medianın tənzimlənməsi, ictimai maarifləndirmə və psixoloji sağlamlıq xidmətlərinin əlçatan olması olduqca vacibdir”, - deyə, psixoloq qeyd edib.

Məsələylə bağlı sosioloq Mail Yaqub bildirib ki, cinayətlərin yaranma səbəbləri müxtəlifdir:

“Müasir sosioloqlardan biri Robert Mertona görə, cinayəti yaradan əsas səbəb budur ki, hər hansı bir şey cəmiyyətdə dəyər hesab olunur və insanların bəzisi o yarışda dəyərə sahiblənir, digər hissəsi isə sahiblənmir. Dəyərə sahiblənməyənlər cinayətə əl atırlar”. 

Mail Yaqub:  "Nizaminin bu misrası Quran ayəsinin tərcüməsidir" - Müsahibə

Sosioloqun sözlərinə görə, digər səbəblərdən biri ailədən qaynaqlanır:

“Bir ailə övladına tərbiyə verə bilmirsə, o, potensial cinayətkar böyüdür. Təəssüf ki, bizim cəmiyyətdə tərbiyə məsələsi ciddi qəbul olunmur. Uşaqlarımıza repetitor tutub müəyyən fənlərdən hazırlığa göndəririk. Lakin siz görmüsüz ki, bir nəfər övladına tərbiyə vermək üçün repetitor tutsun? Xeyr. Çünki tərbiyəyə pul vermək istəmirik. Tərbiyə görməyən uşaq birinci növbədə valideyninə “baş ağırısı” olur. Valideyn bilmədən öz qoynunda düşmən böyüdür. Cəmiyyəti yaradan da ailədir. Biz ailəni düzəldə bilsək, cəmiyyət də düzələcək. Valideyn övladına fiziki güc tətbiq edirsə, onu təhqir edirsə, bu, artıq uşağı aqressivləşdirir.

Ailədən sonra ən vacib amil məktəbdir. Müəllimlərə xüsusi pedaqogika təlimləri keçirilməlidir. Bu gün dünyada ən çox müzakirə edilən təlim hislərin cilovlanmasıdır. Müəllimlərimizin neçəsi buna sahibdir?”.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5334

Oxşar yazılar