Ukraynada İvan Boberski adına Lvov Dövlət Bədən Tərbiyəsi Universitetinin Biokimya və Gigiyena kafedrasının dosenti bank kartı oğurluğuna görə məhkəmə qarşısına çıxarılıb. Qadın dörd gün ərzində başqasının pulunu müxtəlif alış-verişlərdə istifadə edərək ümumilikdə 32 058 qrivna xərcləyib.
Lent.az yerli mediaya istinadla bildirir ki, iş materiallarına görə, mart ayında Lvovun Qorodotskaya küçəsində dosent PUMB bankının kartını oğurlayıb və bir neçə gün ardıcıl olaraq ödənişlər edib.
Oğurlanmış pul ikinci əl mağazalarında, ərzaq dükanlarında, apteklərdə və kafelərdə xərclənib.
Hökmdə qeyd olunub ki, məhkəmə zamanı təqsirləndirilən şəxs öz günahını tam etiraf edib və səmimi peşmançılıq ifadə edib. O, həmçinin zərərçəkmişə dəymiş maddi ziyanı tam şəkildə ödədiyini təsdiqləyib.
Məhkəmə nəzərə alıb ki, təqsirləndirilən şəxs ziyanı kompensasiya edib və azyaşlı oğul böyüdür. Nəticədə ona bir il şərti cəza təyin olunub.