OpenAI süni intellektlə işləyən “TikTok” hazırlayır
01 oktyabr 2025 12:30 (UTC +04:00)

OpenAI süni intellektlə işləyən “TikTok” hazırlayır

0

OpenAI qısa video bazarına daxil olmağa hazırlaşır. Şirkət TikTok və YouTube Shorts-a bənzər yeni tətbiq üzərində işləyir. Əsas fərqi ondadır ki, bu platformada kameradan adi video paylaşmaq mümkün olmayacaq. Bütün kontent süni intellekt tərəfindən yaradılacaq.

Necə işləyəcək?

Lent.az xarici mediaya istinadla xəbər verir ki, yeni servis klassik qısa video tətbiqlərini xatırladacaq.

Şaquli videolar, swipe ilə idarəetmə və xüsusi tövsiyə bölməsi olacaq. İstifadəçilər Sora 2 neyromodeli vasitəsilə 10 saniyəyədək videolar hazırlaya biləcəklər. Bu model bazarda ən güclü alətlərdən biridir, çünki rəqiblərindən fərqli olaraq videonu kadr-kadr deyil, tam şəkildə generasiya edir.

Platformanın ən fərqli özəlliklərindən biri isə şəxsiyyətin təsdiqi sistemi olacaq. İstifadəçilər öz portretlərini yükləyərək süni intellektlə yaradılan videolarda virtual avatar kimi istifadə edə biləcəklər. Maraqlıdır ki, həmin portretdən digər istifadəçilər də faydalana biləcək.

Buraxılış tarixi

Tətbiqin adı və dəqiq istifadəyə verilmə tarixi hələ açıqlanmayıb. Hazırda OpenAI servisi əməkdaşları arasında test edir. Gözlənilir ki, 6 oktyabrda keçiriləcək DevDay tədbirində ilk rəsmi anons təqdim olunacaq.

Rəqabət artır

Meta artıq özünün yalnız süni intellekt videoları üçün nəzərdə tutulan Vibes platformasını istifadəyə verib.

Google yaxın vaxtlarda Veo 3 modelini YouTube-a inteqrasiya edəcəyini təsdiqləyib.

TikTok isə daha ehtiyatlı siyasət yürüdür və insanları çaşdıra biləcək və ya zərərli ola biləcək İİ kontentini qadağan edib.

Ekspertlərin fikrincə, TikTok-un bu mövqeyi OpenAI üçün fürsət yaradır və şirkət İİ-video bazarında əsas platforma statusunu qazana bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 296

Oxşar yazılar