Böyük Britaniyada 41 yaşlı qadın hamilə olduğunu doğuşa cəmi bir neçə saat qalmış öyrənib.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, Semmi Evans adlı qadın qarnında yaranan qeyri-adi şişkinlik səbəbindən həkimə müraciət edib.
Məlumata görə, sentyabrın 14-də tibbi müayinədən keçən qadına hamiləlik testi etmək təklif olunub. İlkin testin nəticəsi mənfi olsa da, diqqətli həkim testdə çox zəif görünən ikinci xətti müşahidə edib və qadına evdə yenidən yoxlanmağı tövsiyə edib. Ev şəraitində aparılan ikinci test isə hamiləliyi təsdiqləyib.
Bu xəbər 41 yaşlı Semmi üçün tamamilə gözlənilməz olub. O, hamilə olduğunu və doğuşun bu qədər yaxınlaşdığını ağlına belə gətirməyib. Həmin gecə qadın qarın nahiyəsində şiddətli ağrılardan oyanıb və təcili tibbi yardım çağırıb.
Hadisə yerinə gələn həkimlər qadında doğuş prosesinin başladığını müəyyən ediblər. Semmi sancıların doğuşla əlaqəli olduğunu anlamayıb. Çünki o, ilk övladını təcili qeysəriyyə əməliyyatı ilə dünyaya gətirib və təbii doğuş sancılarının necə olduğunu bilməyib.
Nəticədə qadın sağlam oğlan uşağı dünyaya gətirib. Körpəyə Noy adı verilib. 41 yaşlı britaniyalı bildirib ki, 38 yaşlı həyat yoldaşı Tristan Makkend ilə yeni övlad sahibi olmağı planlaşdırmayıblar. Buna görə də baş verənləri dərk etmək onlar üçün asan olmayıb.
“İndi artıq hər şeyə öyrəşmişəm. Sadəcə, ona baxıram və nə qədər şirin olduğunu düşünürəm. Məncə, uşaqlar hər zaman bir nemətdir”, – deyə qadın bildirib.
Qeyd edək ki, belə hallar tibbdə “gizli hamiləlik” (kriptik hamiləlik) adlandırılır. Bu zaman qadın hamiləliyin əlamətlərini başqa səbəblərlə əlaqələndirdiyi üçün uzun müddət hamilə olduğunu anlamaya bilər.