İsveçrənin Sürix Federal Texnologiya İnstitutunun (ETH Zurich) alimləri orqanizmdə artıq qlükozanı parçalayaraq qan şəkərini dərman istifadə etmədən azaldan implant hazırlayıblar.
Lent.az xəbər verir ki, bu barədə universitet oktyabrın 22-də məlumat yayıb. Araşdırmanın nəticələri nüfuzlu “Science” elmi jurnalında dərc olunub.
Professor Martin Fusseneggerin rəhbərlik etdiyi tədqiqat qrupu yeni texnologiyanı diabetli siçanlar üzərində uğurla sınaqdan keçirib. Lakin implantın insanlar üzərində sınaqları hələ aparılmayıb.
Alimlər qızıl nanostrukturları və platin hissəcikləri ilə təchiz edilmiş qrafit keçədən xüsusi katalizator hazırlayıblar. Elektrik enerjisinin təsiri ilə bu katalizator qanda artıq olan qlükozanı qlükonata çevirir. Yaranan maddə daha sonra sidik vasitəsilə orqanizmdən xaric olunur. Maraqlıdır ki, prosesin həyata keçirilməsi üçün canlı hüceyrələrə və fermentlərə ehtiyac yoxdur.
İmplantın fəaliyyəti avtomatik idarəetmə sistemi vasitəsilə tənzimlənir. Xüsusi sensor orqanizmdə qlükozanın səviyyəsini fasiləsiz ölçür və göstəriciləri smartfona yaxud ağıllı saata ötürür. Qan şəkəri müəyyən edilmiş həddi keçdikdə cihaz katalizatoru avtomatik işə salır. Qlükozanın səviyyəsi normaya düşdükdən sonra isə proses dayanır.
Bu mexanizm qan şəkərinin həddindən artıq azalmasının qarşısını almaq üçün nəzərdə tutulub. İmplant elektrik enerjisini naqilsiz şəkildə əldə edir.
Diabetli siçanlar üzərində aparılan təcrübələr zamanı cihaz altı həftə ərzində etibarlı fəaliyyət göstərib. Heyvanların qan şəkərinin səviyyəsi və bədən çəkisi azalıb. Tədqiqatçılar elektrik və istilik təsirləri nəticəsində toxumalarda hər hansı zədələnmə aşkar etməyiblər.
Alimlər katalizatoru insan orqanizmindəki qan həcminə təxminən uyğun gələn beş litr qlükozalı məhlulda da yoxlayıblar. Təcrübə göstərib ki, cihaz bu həcmdə mayedə qlükozanı çevirmək qabiliyyətinə malikdir. Lakin alimlər bunun insanlar üzərində klinik sınaqları əvəz etmədiyini vurğulayıblar.
Tədqiqatçılar yeni texnologiyanın gələcəkdə xüsusilə 2-ci tip diabetin müalicəsində alternativ üsula çevrilə biləcəyinə ümid edirlər. Hazırda mütəxəssislər implantın tibbi cihaz kimi təkmilləşdirilməsi üzərində işləyirlər. Onun insanlar üçün təhlükəsizliyi və effektivliyi isə hələ müəyyən edilməlidir.