Çinin “Vivo” şirkəti 10000 mAh tutumlu nəhəng batareyası ilə seçilən yeni “Y600” smartfonunu təqdim edib.
Lent.az xəbər verir ki, şirkətin yeni modeli fasiləsiz canlı yayım müddətinə görə dünya rekorduna imza atıb.
Məlumata görə, smartfon 2026-cı il avqustun 11-də keçirilən sınaq zamanı 32 saat 37 dəqiqə fasiləsiz canlı yayım edərək “Ginnesin Rekordlar Kitabı”na düşüb.
Sızdırılan texniki məlumatlara əsasən, “Vivo Y600” “MediaTek Dimensity 7300e” prosessoru, 50 meqapiksellik əsas kamera və 44 vatt gücündə naqilli sürətli enerji doldurma texnologiyası ilə təchiz edilib.
Cihazın suya və toza davamlılıq üzrə IP68 və IP69 sertifikatlarına malik olduğu bildirilir.
Məlumata görə, smartfon 6,83 düymlük, 1.5K təsvir ölçülü AMOLED ekran və “Android 16” əməliyyat sistemi ilə də təchiz oluna bilər.
Lakin bu xüsusiyyətlər hələlik tam təsdiqlənməyib.