1972-ci ildə 22 yaşlı serbiyalı stüardessa Vesna Vuloviç aviasiya tarixinin ən inanılmaz hadisələrindən birinin qəhrəmanına çevrilib. O, təxminən 10 min metr yüksəklikdə parçalanan təyyarədən yerə düşməsinə baxmayaraq, möcüzə nəticəsində sağ qalıb.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, hadisə 1972-ci il yanvarın 26-da keçmiş Yuqoslaviyanın JAT aviaşirkətinə məxsus 367 nömrəli reysin icrası zamanı baş verib.
Stokholmdan Belqrada uçan və Kopenhagendə aralıq eniş edən “McDonnell Douglas DC-9-32” tipli sərnişin təyyarəsi Danimarka paytaxtından havaya qalxdıqdan təxminən 45 dəqiqə sonra Çexoslovakiya səmasında parçalanıb.
Qəza nəticəsində təyyarədə olan 28 nəfərdən 27-si həlak olub. Yeganə sağ qalan şəxs isə 22 yaşlı stüardessa Vesna Vuloviç olub.

Onu ölümdən nə xilas edib?
Mütəxəssislərin fikrincə, gənc qadının sağ qalmasına bir neçə qeyri-adi amil təsir göstərib.
Vesna təyyarənin quyruq hissəsində yemək arabasının arasında sıxılıb qalıb. Bu, onun güclü hava axını ilə təyyarədən kənara sovrulmasının qarşısını alıb.
Füzelyajın quyruq hissəsi isə qalın qarla örtülmüş dağ yamacına düşüb. Qar örtüyü və relyef zərbənin gücünü müəyyən qədər azaldıb.
Hadisə yerinə ilk çatan şəxslərdən biri keçmiş hərbi tibb işçisi Bruno Honke olub. O, xilasedicilər gələnədək stüardessaya ilkin tibbi yardım göstərib.
Ağır yaralanan Vesna təcili olaraq xəstəxanaya çatdırılıb.
Həkimlər onun kəllə sümüyündə, onurğasında, çanaq sümüyündə və ətraflarında çoxsaylı sınıqlar aşkarlayıblar.
Gənc qadın uzun müddət komada qalıb, həmçinin iflic keçirib. Lakin aylarla davam edən müalicə və reabilitasiyadan sonra yenidən ayağa qalxmağı bacarıb.
Təxminən 10 ay sonra Vesna müstəqil şəkildə yeriməyə başlayıb.

Maraqlıdır ki, o, qəzanın baş verdiyi anları ümumiyyətlə xatırlamayıb. Yaddaşında qalan son hadisələrdən biri təyyarəyə minən sərnişinləri qarşılaması olub.
Təyyarə niyə parçalanıb?
Rəsmi istintaqın nəticələrinə görə, təyyarə baqaja yerləşdirilmiş partlayıcı qurğunun işə düşməsi nəticəsində məhv olub.
Partlayışın millətçi qruplaşmalarla əlaqəli olduğu ehtimal edilib.
Lakin illər sonra bəzi müstəqil tədqiqatçılar alternativ versiya irəli sürüblər. Onlar təyyarənin daha aşağı hündürlükdə hava hücumundan müdafiə raketi ilə səhvən vurulmuş ola biləcəyini iddia ediblər.
Bununla belə, həmin ehtimal rəsmi təsdiqini tapmayıb və partlayışla bağlı ilkin istintaq nəticəsi qüvvədə qalıb.

Ginnesin Rekordlar Kitabına düşdü
1985-ci ildə Vesna Vuloviçin adı Ginnesin Rekordlar Kitabına daxil edilib.
O, paraşütsüz ən böyük hündürlükdən yıxılaraq sağ qalan insan kimi dünya rekorduna sahib olub.
Ağır xəsarətlərin fəsadları səbəbindən Vesna stüardessa kimi fəaliyyətini davam etdirə bilməyib. Bunun əvəzinə aviaşirkətdə inzibati vəzifədə çalışıb.
Sonrakı illərdə ictimai fəallığı ilə də tanınıb.
Vesna Vuloviç 2016-cı ilin dekabrında Belqradda 66 yaşında vəfat edib.
Onun həyatda qalması aviasiya tarixinin ən qeyri-adi hadisələrindən biri kimi xatırlanır.