Argentinada 24 yaşlı iki uşaq anasının meyiti yaşadığı evdə soyuducudan tapılıb. Qadının qətlində şübhəli bilinən 37 yaşlı sevgilisi saxlanılıb.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, 24 yaşlı Kamila Belen İqlesias oktyabrın 2-də itkin düşüb.
Bir neçə gün ondan xəbər ala bilməyən ailə üzvləri polisə müraciət ediblər. Oktyabrın 16-da hüquq-mühafizə orqanlarının əməkdaşları qadının sevgilisi ilə birlikdə yaşadığı evə baxış keçiriblər. Axtarış zamanı soyuducunun içərisində qadına məxsus olduğu bildirilən insan qalıqları aşkarlanıb. Meyitin üzərinə çürüməni ləngidə və qoxunu gizlədə bilən sönmüş əhəng töküldüyü müəyyən edilib.
Hadisənin əsas şübhəlisi qadının 37 yaşlı sevgilisi Pablo Esekiel Qomes olub. Mərhumun bacısının sözlərinə görə, meyit tapılmazdan bir neçə gün əvvəl Qomes ona mesaj yazıb. Kişi oktyabrın 5-də sevgilisi ilə mübahisə etdiyini, bundan sonra qadının evi tərk etdiyini və mesajlarına cavab vermədiyini bildirib.
Lakin Qomesin qohumlarının açıqlamaları hadisə ilə bağlı şübhələri daha da artırıb. Onların sözlərinə görə, kişi hadisədən sonra qaçaraq gizlənib və yaxınlarına ciddi səhv etdiyini etiraf edib. Qomesin qohumlarına Kamila İqlesiasın meyitini harada gizlətdiyini də söylədiyi iddia olunur.
Oktyabrın 19-da polis şübhəlini saxlayıb.
Öldürülən qadının bacısı Qomesi həddindən artıq qısqanc və özünə güvənməyən biri kimi xarakterizə edib.
“O, heç kimin onların evinə gəlməsini istəmirdi. Hətta Kamilanın öz uşaqları ilə görüşməsinə belə icazə vermək istəmirdi”, – deyə qadının bacısı bildirib.
Məlumata görə, Kamila İqlesias və Pablo Qomes təxminən bir il münasibətdə olublar. Qadının əvvəlki münasibətindən iki azyaşlı övladı qalıb.
Hadisə ilə bağlı cinayət işi üzrə araşdırma aparılır.