Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Rostov vilayəti üzrə Baş Miqrasiya İdarəsinin rəisi Aleksandr Melnikov vəzifə səlahiyyətlərindən sui-istifadə ilə bağlı açılmış cinayət işi çərçivəsində həbs edilib.
Lent.az yerli mediaya istinadla bildirir ki, Melnikov iki ay müddətinə istintaq təcridxanasına göndərilib. O, bu il iyulun 13-dək həbsdə qalacaq.
Qeyd edək ki, mayın 14-də Rusiya Daxili İşlər Nazirliyinin Rostov vilayəti üzrə Baş Miqrasiya İdarəsinin rəisi və onun müavininin həbsi barədə məlumat vermişdik. Hər iki rəis vəzifə səlahiyyətlərindən sui-istifadədə və qeyri-qanuni miqrasiyanın təşkilində şübhəli bilinib.
İstintaqın məlumatına görə, Melnikov və onun tabeliyində olan şəxs 18 xarici vətəndaşın məcburi imtahanlardan kəsildiyini bilib. Söhbət rus dili, tarixi və ölkənin qanunları üzrə biliklərin yoxlanılmasından gedir.
Buna baxmayaraq, onlar miqrantlara verilən iş icazələrini ləğv etməyib. Onların qərarı sayəsində əcnəbilər Rusiya Federasiyasının ərazisində qeyri-qanuni qalmaq imkanı əldə ediblər.