Sakini olmadığın binanın həyətinə girmək QADAĞANDIR? - MTK-ların ÖZBAŞINALIĞI
16 may 2025 13:44 (UTC +04:00)

Sakini olmadığın binanın həyətinə girmək QADAĞANDIR? - MTK-ların ÖZBAŞINALIĞI

Bəzən binaların həyətlərinə daxil olmaq istədikdə, mühafizəçilər problem yaradırlar. Ya ümumiyyətlə, həyətə daxil olmağa icazə vermirlər, ya da ad, soyadımızdan tutmuş, hobbilərimizə qədər bütün tərcümeyi-halımızı öyrənib, sonra ürəkləri istəsə icazə verirlər.

Lent.az-a müraciət edən şikayətçi Jalə Həsənova qeyd edib ki, o qonşuluqda olan binanın yanından keçəndə gözünə yaşıllıq, park dəyib: “Dedim ki, evə çatana kimi keçim bu yaşıllıqda əyləşib, nəfəsimi dərim. Əlimdə heç çanta da yox idi, sadəcə bir telefon. Gənc mühafizəçi tez yaxınlaşıb dedi ki, əgər bu binada yaşamırsınızsa, içəri daxil olmaq qadağandır. Sakitcə geri döndüm. Amma düzü çox qəribə oldum, necə yəni mənim bir ölkə vətəndaşı olaraq qonşuluğumda olan binanın həyətində 5-10 dəqiqə dincəlmək, nəfəs almaq haqqım yoxdurmu? Mühafizəçiyə də dedim ki, sizin bu qadağanızın qanuni olub, olmadığını araşdıracağam. Amma hələ ki, sualın cavabı mənə tam aydın olmadığı üçün, əmrinizə tabe olub, geri dönürəm. Bir anlıq elə bildim ki, dövlət strateji əhəmiyyəti olan, hansısa məxfi sirlər saxlanılan və ya minalanmış əraziyə daxil olmaq kimi bir cəhd etmişəm. Sizcə mənim o binanın həyətində daxil olmağa həqiqətən haqqım yoxdur?” 

Əməkdaşımız, oxucunun bu sualına digərlərini də əlavə etdi. Məsələn, vətəndaşların binaların həyətinə, həyətindəki parklara, yaxud ictimai iaşə obyektlərinə daxil olmasında hər hansısa qanun pozuntusu varmı? Mühafizəçilər bizi həyətə buraxmırsa, nə etməliyik?

Hüquqşünas Şamil Paşayev Lent.az-a bildirib ki, binaların ərazilərindən hər kəs rahatlıqla istifadə edə bilərlər. Onlara heç bir məhdudiyyət qoyula bilməz:

“Azərbaycanda yerləşən parklar, ictimai iaşə obyektləri vətəndaşlar və şəhərin qonaqları üçündür. Mənzil-Tikinti Kooperativləri (MTK), Məhdud məsuliyyətli Cəmiyyətlər (MMC) binaları tikəndə həmin ərazinin sahibi olduğunu düşünürlər. Əslində isə binaların əraziləri Azərbaycan Respublikasının vətəndaşları üçündür. Vətəndaşların o ərazilərdən istifadə etməsinə heç bir qadağa qoyulmamalıdır. 

Binaların arasında yerləşən marketlərə, yaxud parklara giriş-çıxışda heç bir problem yoxdur. Əgər mühafizə xidməti binanın həyətinə daxil olmağa qadağa qoyursa, bu vətəndaşın hüququnu məhdudlaşdırmaqdır.  

Vətəndaşı yoxlamaya cəlb etmək, səlahiyyəti olmayan şəxs tərəfindən onun kimliyinin araşdırılması, həmin binada evinin olub-olmamadığını sorğulamaq və s. kimi hallar insan hüquqlarının, şəxsi toxunulmazlığın kobud şəkildə pozulmasıdır. 

Hələ də kimlərsə tərəfindən tətbiq edilən bu davranış formaları keçmiş SSRİ ölkələrində qalmış ənənədir. Bu nə qanunvericiliyə, nə konstitusiyaya, nə də insanların sərbəst yaşamaq, dolaşmaq, ərazi seçmək kimi hüquqlarına sığışmayan addımlardır”.

Hüquqşünas qeyd edib ki, bu kimi hallarla qarşılaşan zaman polisə müraciət etmək lazımdır:

“Mühafizəçilər və bina sahibləri nəzərə almalıdırlar ki, onların vətəndaşları şəxsi müayinəyə, baxışa məruz qoymağa ixtiyarları yoxdur. Bu kobud qayda pozuntusudur. 

Bu kimi neqativ hallarla qarşılaşan vətəndaşlar Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə və aidiyyatı üzrə hüquq mühafizə orqanlarına müraciət edə bilərlər”. 

Qeyd edək ki, Azərbaycanda vətəndaşların bəzi ərazilərə və obyektlərə daxil olmasının qadağan olunması bir neçə qanunvericilik aktı ilə tənzimlənir. 

“Dövlət sirri haqqında”, “Dövlət sərhədi haqqında”, “Fövqəladə vəziyyət haqqında”, “Hərbi vəziyyət haqqında” Azərbaycan Respublikası Qanunlarına əsasən, dövlət əhəmiyyətli, strateji obyektlər, hərbi hissələr və xüsusi təyinatlı müəssisələr məxfi obyektlər kimi müəyyən edilir.

Həmçinin hərbi vəziyyət dövründə bəzi ərazilərə vətəndaşların daxil olması tam qadağan oluna, fövqəladə vəziyyət elan olunan ərazilərdə isə vətəndaşların sərbəst hərəkəti məhdudlaşdırıla bilər. Digər ərazilərdə isə insanların sərbəst dolaşmasına heç kim qadağa qoya bilməz. Bu barədə mühafizə xidmətlərinə göstəriş verən sahibkarlar ciddi məsuliyyət daşıyır. Şikayətçimiz Jalə xanıma müraciət edirik ki, rastlaşdığı bu hörmətsizliklə əlaqədar polisə, məhkəməyə müraciət edə bilər. Unutmayaq ki, biz hüquqi bir dövlətdə yaşayırıq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 707

Oxşar yazılar