Xəbər verdiyimiz kimi, bir müddət əvvəl Zaqatala şəhər 3 nömrəli tam orta məktəbdə aksiya keçirilib.
Müəllim və valideynlər keçirilən aksiyada məktəbə yeni direktor təyin edilən Mehnurə İsmayılovanın vəzifəsindən azad edilməsini tələb ediblər.
Təhsil Nazirliyinin Şəki-Zaqatala Regional Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi Mahal Məmmədov Lent.az-a açıqlamasında bildirib ki, hazırda məktəbdə vəziyyət qaydasındadır və tədris prosesi əvvəlki dövrdə olduğu kimi davam etdirilir.
Onun sözlərinə görə, direktor təyinatı ilə bağlı qərarda da hər hansı bir dəyişiklik olmayıb.
Qeyd edək ki, Zaqatala rayon Vətən Müharibəsi Qəhrəmanı Valeh Bədəlov adına Aşağı Tala kənd 1 nömrəli tam orta məktəbin direktoru Mehnurə İsmayılova 17 fevral 2023-cü il tarixində Zaqatala şəhər Ş.Qurbanov adına 3 nömrəli tam orta məktəbə direktor vəzifəsinə təyin edilib.
Bununla bağlı olaraq 20 fevral 2023-cü il tarixdə Ş.Qurbanov adına 3 nömrəli tam orta məktəbdə müəyyən narazılıqlar yaranıb.