Əlcəzairdə toy günü üçün cəmi iki toyuq istəyən valideynlərini itirmiş gənc qızın hekayəsi sosial şəbəkələrdə böyük marağa səbəb olub.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, toyuna hazırlaşan qızdan ən böyük arzusunun nə olduğu soruşulub. O, utancaq şəkildə yalnız axşam yeməyi üçün iki toyuq istədiyini bildirib.
Qızın bu cavabı sosial şəbəkələrdə yayıldıqdan sonra ölkədə böyük əks-səda doğurub.
Görüntüləri izləyən minlərlə insan gənc gəlinə dəstək olmaq qərarına gəlib. Əlcəzairin müxtəlif bölgələrindən xeyriyyəçilər, sahibkarlar və sadə vətəndaşlar onun toyuna kömək etmək üçün səfərbər olublar.
Qısa müddətdə gəlin üçün cehiz, zinət əşyaları və müxtəlif hədiyyələr toplanıb. Toy məkanının hazırlanmasından qonaqlar üçün süfrələrin açılmasına qədər bütün təşkilati işlərə xeyirxah insanlar dəstək göstəriblər. Gənc qızın sadə arzusu gözlənilmədən möhtəşəm toy mərasiminə çevrilib.
Sosial şəbəkə istifadəçiləri mərasimi Əlcəzairdə keçirilən ən möhtəşəm toylardan biri kimi qiymətləndiriblər.