Dövlətin keçdiyi tarixi inkişaf yolunu, tarixi keçmişini, əsrlərdən gələn mübarizə və qətiyyət əzmini tərənnüm edən tarixi günlər dövlətin tərəqqisinin, yenilməzliyinin, varisliyinin salnaməsidir. Azərbaycanın şanlı tarixinə daxil olmuş 17 noyabr Milli Dirçəliş günü məhz belə silinməz, qürurverici anlardandır. Bu gün Azərbaycan birliyinin, milli vəhdətin, milli səyin qələbəsi günü kimi qeyd olunur.
1988-ci ilin ilk günlərindən başlayaraq rus havadarlarının “mənəvi” və maddi dəstəyi ilə Azərbaycana qarşı açıq təcavüzə başlayan Ermənistanın azərbaycanlılara yönəlmiş iğtişaşları geniş şəkildə yayılmağa başladı. Moskvanın, xüsusən də SSRİ-nin rəhbəri M.Qorbaçovun buna biganə münasibətini görən ermənilər planlı şəkildə, Ermənistan hökumətinin tapşırığı və göstərişilə Ermənistanda yaşayan 200 mindən çox azərbaycanlını öz ata-baba yurdlarından kütləvi surətdə qovdular. Ermənilər tarixdə görünməmiş vandalizmə əl ataraq öz ata-baba yurdundan didərgin saldıqları həmyerlilərimizi xüsusi amansızlıqla qətlə yetirir, Azərbaycanın tarixi torpağı olan Dağlıq Qarabağın Azərbaycandan qoparılıb Ermənistana birləşdirilməsi haqqında məsələ qaldırırdılar.
Məhz belə bir tarixi zərurətdən Azərbaycan xalqı ayağa qalxdı. Xalq öz etirazını ilk əvvəl sakit şəkildə rəhbərliyə bildirsə də, mərkəzin və yerli hakimiyyət başçılarının qətiyyətsizliyi, laqeydliyi ümumxalq mitinqinin yaranması ilə nəticələndi. Respublikanın hər bir guşəsindən insanlar axın-axın Bakıya gəlir, Azadlıq meydanına toplaşır, ermənilərin əsassız iddia və cəfəngiyyatlarına, həmçinin Sovet hökumətinin etinasız münasibətinə qarşı mitinqlər keçirir, öz etirazlarını bildirirdilər. 1988-ci ilin noyabrın 17-də Bakının əsas meydanı sayılan Azadlıq meydanında Sovet dövlətinin xalqımıza qarşı apardığı antiazərbaycan siyasətinə etiraz əlaməti olaraq Azərbaycan ictimaiyyətinin sonu bilinməyən mitinqi başlandı. Xalq bütöv bir yumruq kimi düyünlənmiş, milli mübarizə əzmini nümayiş etdirmişdi. Bu, əsl xalq hərəkatı, milli azadlıq hərəkatı kimi tarixə daxil olmuşdur. Dekabrın əvvəllərində sovet qoşunları tərəfindən ümumxalq mitinqi dağıdılsa da milli qətiyyət sındırıla bilməmiş, milli birlik dağıdılmamışdı. Milli azadlıq hərəkatı Vətənimizin istiqlaliyyət qazanmasına həlledici təkan vermiş, Azərbaycan dövlətçiliyinin bərpasını təmin etmişdir.
1992-ci ilin 17 noyabrından- Azərbaycanın Milli Dirçəliş Günü kimi qeyd edilir. 17 noyabr Azərbaycan varlığının qorunması, millətin mənsubluğunun təmin olunması, bugünki uğurlarımızın təməlində dayanan bir tarixdir. Bu tarixi gün sonradan Milli Qurtuluş gününə təkan veməklə, müstəqil, qüdrətli dövlətçiliyimizin yaranmasına öz töhfəsini vermişdir.
Nailə Məmmədova
"Şərqi Avropada Təhsil alan Azərbaycanlı Tələbələr və Məzunlar" İctimai Birliyinin fəalı