Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya bu gündən etibarən 28 dövlət orqanında inzibati vəzifələrin beşinci - yeddinci təsnifatlarına uyğun olan 264 vakant vəzifənin tutulması üçün müsabiqə, 7 dövlət orqanında isə inzibati vəzifələrin beşinci-yeddinci təsnifatlarına uyğun olan 42 vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün ümumi müsahibə elan edib.
Komissiyanın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, müsabiqəyə çıxarılan vakant dövlət qulluğu vəzifələrinin 216-sı mərkəzi icra hakimiyyəti orqanlarının mərkəzi aparatları və yerli təşkilatlarında, 48-i isə birinci instansiya məhkəmə orqanlarının aparatlarındadır.
Ümumi müsahibəyə çıxarılan vakant dövlət qulluğu vəzifələrindən 40-ı mərkəzi icra hakimiyyəti orqanlarının mərkəzi aparatları və yerli təşkilatlarında, 2-si isə birinci instansiya məhkəmə orqanlarının aparatlarındadır.
Müvafiq vəzifənin tələblərinə uyğun gələn, ali təhsilli hər bir Azərbaycan Respublikasının vətəndaşı müsabiqədə iştirak edə bilər.
Müsabiqədə iştirak etmək istəyən vətəndaşlar müraciət formasını bu gündən oktyabrın 12-si saat 18:00-dək Komissiyaya təqdim etməlidir. Müraciət Forması elektron, şəxsən və yaxud poçt vasitəsilə kağız daşıyıcılarla təqdim edilə bilər.
Ümumi müsahibədə iştirak etmək arzusunda olan Azərbaycan Respublikası vətəndaşları isə sənədlərini bu gündən sentyabrın 30-dək saat 18:00-dək Komissiyaya şəxsən və ya poçt vasitəsilə təqdim etməlidirlər.
Qeyd edək ki, Komissiya 06, 14 və 28 avqust 2015-ci il tarixlərdə də müsabiqə elan etmişdi.
2015-ci il avqustun 6-da Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində inzibati vəzifələrin yeddinci təsnifatlarına uyğun olan 11 vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün elan edilmiş müsabiqə üzrə namizədlərin qeydə alınması sentyabrın 4-də başa çatıb. Müsabiqə üzrə 801 namizəd qeydiyyatdan keçib.
14 avqust 2015-ci il tarixdə 55 dövlət orqanında inzibati vəzifələrin beşinci - yeddinci təsnifatlarına uyğun olan 693 vakant vəzifənin tutulması üçün elan edilən müsabiqədə iştirak etmək məqsədilə bu günə kimi 4741 nəfər Komissiyada qeydiyyatdan keçib. Bu müsabiqə üzrə qeydiyyat 14 sentyabr 2015-ci il tarixdə başa çatacaq.
28 avqust 2015-ci il tarixdə 30 dövlət orqanında inzibati vəzifələrin beşinci - yeddinci təsnifatlarına uyğun olan 130 vakant vəzifənin tutulması üçün elan edilən müsabiqədə iştirak etmək məqsədilə bu günə kimi 367 nəfər Komissiyada qeydiyyatdan keçib. Bu müsabiqə üzrə isə qeydiyyat 26 sentyabr 2015-ci il tarixdə başa çatacaq.