Bu gün İqtisad Universitetində (UNEC) Beynəlxalq Müəllimlər Günü münasibəti ilə tədbir keçirilib.
UNEC-in mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Heydər Əliyevin “Mən dünyada müəllimdən yüksək ad tanımıram” fikri ilə çıxışına başlayan UNEC-in rektoru Ədalət Muradov müəllimləri təbrik edərək bildirib ki, müəllim peşəsinə hər zaman göstərilən xüsusi dövlət qayğısı və diqqəti bu sahədə çalışanlara əvəzolunmaz ruh yüksəkliyi bəxş edir.
Cəmiyyətin davamlı inkişafını şərtləndirən əsas amillərdən birinin təhsil olduğunu qeyd edən tədbir iştirakçıları bu istiqamətdə ən şərəfli və müqəddəs vəzifəni müəllimlərin daşıdığını vurğulayıblar.
Sonda elmi-pedaqoji fəaliyyətlərinə və universitetin ictimai həyatındakı fəal iştiraklarına görə 45 müəllim fəxri fərman, təşəkkürnamə və mükafatlarla təltif edilib.