Türkiyənin Afşin bölgəsində Qarabağ parkının açılışı olub. Lent.az-ın məlumatına görə, açılış mərasimində çıxış edən Afşin bələdiyyə başqanı Mehmet Fatih Güven bildirib ki, bir neçə ay əvvəl onların dəvəti ilə bölgədə Qarabağ problemi ilə bağlı konfrans verən millət vəkili Qənirə Paşayeva Afşində Qarabağ parkı təklifi ilə çıxış etdiyi zaman bir bələdiyyə başqanı olaraq qısa zamanda bu təklifin reallaşacağını söyləyib.
Qarabağ parkında Azərbaycanın işğal altında olan ayrı-ayrı bölgələrini özündə əks etdirən abidə və lövhələrin olması, parkın mərkəzində Azərbaycan bayrağı abidəsinin əks olunduğunu və parkda hər iki qardaş ölkənin bayrağının bərabər dalğalanacağını deyən bələdiyyə başqanı Mehmet Fatih Güven Azərbaycana böyük sevgi bəslədiyini deyib.
Millət vəkili Q. Paşayeva parkın açılışındakı çıxışında Ermənistanın bölgədə təxribatçı addımlarını davam etdirə bilməsində ATƏT-in Minsk qrupu həmsədrlərini, beynəlxalq təşkilatları ittiham edib: "Azərbaycanın ordusunun da, xalqının da səbri daşmış və artıq yetər deyirik. Ermənistan və arxasında dayananlar anlamalıdırlar ki, işğala son qoymasalar ordumuz tərəfindən daha ağır cavab alacaqlar”.
Sonra Qarabağ parkının açılışı olub və Qarabağ abidəsinin lenti kəsilib. Parkda Azərbaycanın işğal altında olan bölgələri ilə bağlı qoyulmuş abidələr önündə millət vəkili Q. Paşayeva tədbir iştirakçılarına və KİV nümayəndələrinə onlarla bağlı geniş məlumatlar verib və sualları cavablandırıb. Qarabağ parkının açılışı mərasimi bölgədə bəzi televiziyalar tərəfindən canlı olaraq yayımlanıb.
Tədbirin sonunda millət vəkili Q. Paşayeva tədbir iştirakçılarına araşdırmaçı-yazar İmdat Avşarla birlikdə hazırladıqları "Karabağ hikayeleri" kitabını və Mətanət A şirkəti tərəfinin dəstəyi ilə Qarabağ həqiqətlərinə dair hazırlanmış materialları hədiyyə edib.