TQDK satışa çıxarılan saxta test topluları ilə bağlı əhaliyə xəbərdarlıq edib.
TQDK-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, son vaxtlar müəyyən qüvvələr TQDK-nın müxtəlif nəşrlərini, o cümlədən test kitabları, dərs vəsaitləri və test toplularını qeyri-qanuni yolla çap etdirərək Bakıda, ölkənin digər şəhər və rayonlarında satışını təşkil etməkdə fəallaşıblar.
Bildirilir ki, saxta nəşrlərdə ciddi elmi-metodiki səhvlərə yol verilir, materialların məzmunu təhrif edilir və ya bunlar köhnəlmiş olur, yeni qəbul və tədris proqramlarına uyğun gəlmir. Çox vaxt saxta nəşrlərdə köhnəlmiş, aktuallığını itirmiş və ya istifadədən çıxarılmış materiallar yenidən çap edilərək satışa çıxarılır. Belə üsulla hazırlanmış saxta nəşrlərdən biri də 2015-ci ildə nəşr edilmiş "Test toplusu 1994-2015" seriyasından Azərbaycan dili fənni üzrə test toplusunun II hissəsidir. Bu saxta nəşrin üzlüyündə belə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının adı düzgün yazılmayıb.
TQDK bu cür saxta nəşrlərin məzmununa görə məsuliyyət daşımadığını deyir.