Bu gün Tələbə Qəbulu Üzrə Dövlət Komissiyasında imtahanlarda nəzarətçi olan müəllimlərin mükafatlandırılması mərasimi keçirilib.
Lent.az-ın məlumatına görə, tədbirdə çıxış edən TQDK sədri Məleykə Abbaszadə bildirib ki, bu il 600 mindən çox abituriyent TQDK-nın təşkil etdiyi imtahanlardan keçib. Bu imtahanlara idarəetməni təşkil etmək üçün 10 minlərlə nəzarətçi arasında ən yaxşıları həmişə seçilir.
Sektor müdiri Adıgözəl Həbibov bildirib ki, tədris ilinin başlaması ilə birlikdə nəzarətçilərin seçilməsi işinə də başlanılır. Artıq bu ildən nəzarətçilərin seçilməsi prosesində “elektron qeydiyyat” sisteminə başlanılıb: "Bu il ümumilikdə 10 rayon üzrə 1330-ə yaxın nəzarətçi təşkil etdiyimiz seminar məşğələlərə cəlb edilib. Hazırda 15 minə yaxın nəzarətçimiz var və bu rəqəm respublika üzrə bütün şəhər və rayonları əhatə edir. Bütün regional bölmələrin əməkdaşları bu prosesdə iştirak edir. Minə yaxın da imtahan rəhbəri var”.
Sektor müdiri əlavə edib ki, bu ilin yekunlarına görə, 766 müəllim imtahanlarda nəzarətçi kimi yaxşı fəaliyyətinə görə təşəkkürnamə alıb. 25 nəzarətçi müəllim isə fəxri fərmanla təltif edilib: “ Fəxri Fərman” alanlardan 10 nəfər Bakı, 3 nəfər Gəncə, 2 nəfər Şəki, 2 nəfər Lənkəran, Naxçıvan, Zəngilan, Abşeron, Sumqayıt və digər bölgələr üzrə isə 1 nəfərdir. 112 nəfər nəzarətçi müəllim isə bu il işini yaxşı icra etmədiyi üçün bazadan uzaqlaşdırılıb”.
TQDK sədri qeyd edib ki, bu ildən “ASAN” xidmətlə saziş imzalanacaq və bu sazişə görə xidmətin işçiləri imtahanlarda nəzarətçilərin yanında köməkçi olaraq iştirak edəcəklər.