Baş nazir Artur Rasizadə "Azərbaycan Respublikası Təhsil Nazirliyinin kollegiyasının tərkibi haqqında" Nazirlər kabinetinin qərarında dəyişiklik edib.
Lent.az-ın məlumatına görə, dəyişikliyə əsasən, qərarın 1-ci hissəsinin "Kollegiyanın üzvləri" bölməsində "Nağıyev Piri Abbas oğlu" sözləri "Qəribov Məmməd Abdulla oğlu" sözləri ilə əvəz edilib.
Qeyd edək ki, dəyişiklik Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun "Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq imzaladığı sərəncama əsaslanıb. Belə ki, həmin sərəncamla Piri Abbas oğlu Nağıyev Naxçıvan Muxtar Respublikasının təhsil naziri vəzifəsindən azad edilib, həmin vəzifəyə isə Məmməd Qəribov təyin edilib.