Təhsil naziri Mikayıl Cabbarovun təhsildə yüksək nəticə qazanan tələbələrlə görüşü keçirilib.
ADİU-nun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, görüşdə Bakı ilə yanaşı, Gəncə, Abşeron, Bərdə, Qəbələ, Cəbrayıl, Zaqatala, Qubadlı, eləcə də digər rayon və şəhərləri təmsil edən tələbələr iştirak edib. Görüş iştirakçılarını tələbə adı qazanmaqları münasibətilə təbrik edən nazir onları təhsil alacaqları ali məktəbin ictimai, mədəni həyatında yaxından iştirak etməyə, öz bilik və bacarıqlarını yüksəltməyə çağırıb. Son iki ildə ölkə təhsilində akademik göstəricilərin yaxşılaşmasına diqqət yönəldən M. Cabbarov ali təhsil müəssisələrinə qəbulda orta balın əhəmiyyətli dərəcədə artdığını bildirib.
Orta məktəbi qızıl medalla başa vuran, Respublika riyaziyyat olimpiadasının bürünc mükafatçısı, 700 balla “ADA” universitetinə daxil olan İbrahim Əhmədov orta məktəblərdə kurikulumun tətbiqi və onun üstünlükləri ilə bağlı fikirlərini bildirib. 700 balla Tibb Universitetinə daxil olan Nurlan Məcidov, biologiya üzrə fənn müsabiqəsinin gümüş mükafatçısı, orta məktəbi qızıl medalla başa vuraraq 695 balla ali məktəbə daxil olan Nərmin Quluzadə isə xaricdə təhsillə bağlı fikirlərini bölüşüb. “Sabahın alimləri” Respublika müsabiqəsinin iştirakçısı, orta məktəbi qızıl medalla başa vuran Cəmil İmranov SABAH qrupları ilə maraqlanıb.
“Xaricdə təhsil üzrə Dövlət Proqramı” barədə ətraflı məlumat verərək H qruplarının yaradılmasını bu yolda irəliyə atılan mühüm addım olduğunu deyən nazir yaxın gələcəkdə beynəlxalq layihələr çərçivəsində ali təhsil müəssisələrində innovasiya mühitinin daha da genişlənəcəyini vurğulayıb. Mikayıl Cabbarov tələbələrimizə ölkə daxilində və ya xaricdə oxumağından asılı olmayaraq Azərbaycanı layiqincə təmsil etməyi, fəal vətəndaşlıq mövqeyi nümayiş etdirməyi tövsiyə edib.
Nazir tələbələrin bütün suallarını ətraflı cavablandırıb, hər bir tələbəni dövlətin yaratdığı bu fürsətdən yararlanmağa çağırıb.