UNESCO-nun Baş Konfransının 38-ci sessiyası çərçivəsində təhsil naziri Mikayıl Cabbarov iranlı həmkarı Əli Əsgər Fani ilə görüşüb.
Təhsil Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, iranlı nazir azərbaycanlı həmkarını ölkəsinə dəvət edib.
İki ölkə arasındakı qədim tarixi əlaqələrdən danışan təhsil naziri Mikayıl Cabbarov Azərbaycanın Ermənistandan başqa digər qonşu ölkələrlə ikitərəfli münasibətləri möhkəmlətməkdə maraqlı olduğunu qeyd edib. O, təhsil sahəsindəki münasibətlərə toxunaraq, ötən il Bakı Dövlət Universitetinin 95 illik yubileyinə Tehran Universitetinin rektorunun dəvət olunduğunu və bu səfər çərçivəsində iki ali təhsil ocağı arasında əməkdaşlıq müqaviləsi imzalandığını diqqətə çatdırıb.
Mikayıl Cabbarov 2007-ci ildə qəbul olunan xaricdə təhsil üzrə Dövlət Proqramı çərçivəsində azərbaycanlı gənclərin dünyanın qabaqcıl universitetlərində təhsillərini davam etdirmək imkanı qazandıqlarını vurğulayıb.