“Hazırda 310 mindən çox insana aylıq sosial müavinət ödənilir və bu müavinətlərin məbləği son on ildə 2,5 dəfə artırılıb”. Lent.az-ın məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərov bildirib. Nazir bildirib ki, Azərbaycan Respublikası qarşısında xüsusi xidmətlər göstərmiş şəxslərin sosial rifah halının yaxşılaşdırılması məqsədilə ölkəmizdə ayrı-ayrı kateqoriya şəxslərə prezident təqaüdü institutu formalaşıb. Prezidentin müxtəlif fərman və sərəncamlarına əsasən, 35 minə yaxın insana, o cümlədən Şəhid ailələrinə, müharibə əlillərinə prezident təqaüdləri təyin olunub”.
F. Ələkbərovun sözlərinə görə, 2003-2013-cü illərdə ölkəmizdə əhalinin sağlamlığının qorunması, səhiyyə sisteminin təkmilləşməsi sahəsində geniş vüsət alan işlərin, yeni müalicə-diaqnostika və bərpa müəssisələrinin yaradılmasının daha bir müsbət nəticəsi kimi, respublikada əlilliyin artım tempinin qarşısı alınıb, reabilitasiya göstəricisi 6 faizə qədər yüksəlib.
“Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, hazırda dünya üzrə əlillərin əhali tərkibində faiz göstəricisi 10-15 faiz olduğu halda, Azərbaycanda bu rəqəm 4,4 faiz təşkil edir ki, bu da MDB məkanında ən aşağı göstəricilərdəndir. Son 10 ildə Naxçıvan, Şirvan, Lənkəran, Şəki, Sumqayıt, Naftalan, Xaçmaz, Yevlax şəhərlərində regional bərpa mərkəzləri, Bakı Protez-Ortopedik Bərpa Mərkəzinin Naxçıvan və Gəncə şəhərlərində filialları inşa etdirilərək istifadəyə verilib. Həmçinin sağlamlıq imkanları məhdud uşaqların tibbi-sosial reabilitasiyası işinin gücləndirilməsi məqsədilə Bakı və Naxçıvan şəhərlərində Uşaq Bərpa Mərkəzləri yaradılıb”-deyə, nazir əlavə edib.