<b>Son 5 ildə rezidenturaya qəbul olanların sayı açıqlandı</b>
18 may 2016 13:52 (UTC +04:00)

Son 5 ildə rezidenturaya qəbul olanların sayı açıqlandı

0

Azərbaycanda  həkim-mütəxəssislərin rezidentura səviyyəsində hazırlığına 2011-ci ildən başlanıb. Həmin ildən etibarən 2419 nəfər rezidenturaya qəbul olunub. Hazırda 1874 rezident rezidentura səviyyəsində təhsil alır.

 

Lent.az-ın məlumatına görə, bu haqda bu gün Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda həkimlərin rezidentura səviyyəsinə hazırlıq mərhələsinə həsr olunmuş tədbirdə deyilib.

 

Tədbirdə qeyd olunub ki, rezidenturanı bitirən həkim-mütəxəssislərin ilk buraxılışı iki illik təhsil müddətli ixtisaslar üzrə 2013-cü ildə olub. Ümumiyyətlə, bu günədək 27 ixtisas üzrə 275 nəfər rezidenturanı müvəffəqiyyətlə bitirərək “həkim-mütəxəssis” ali peşə-ixtisas dərəcəsi alıb.

 

Rezidentlərin hazırlığı Nazirlər Kabinetinin 21 noyabr 2013-cü il 330 nömrəli qərarı ilə yeni redaksiyada təsdiq olunmuş “Rezidentura təhsilinin məzmunu və təşkili Qaydaları”na uyğun olaraq, ixtisaslar üzrə təhsil proqramları əsasında 40 ixtisas üzrə iki ildən beş ilədək müddətə aparılır.

 

Hazırda 40 klinik bazada rezidentlərin hazırlığı həyata keçirilir.  2013/2014-cü tədris ilindən başlayaraq müxtəlif ixtisaslar üzrə rezidentura təhsili alan 150-yə yaxın rezident Səhiyyə Nazirliyinin göndərişi ilə rezidentura hazırlığının bir aydan üç ayadək hissəsini Türkiyə  və Almaniyanın qabaqcıl klinikalarında keçib.

 

Nəzərinizə çatdıraq ki,  “Rezidentura təhsilinin məzmunu və təşkili Qaydaları”na əsasən dövlət sifarişi əsasında rezidentura təhsili almış şəxslər rezidenturanı bitirdikdən sonra əmək fəaliyyətini üç il müddətində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin göndərişi ilə dövlət səhiyyə müəssisələrində davam etdirməlidirlər. Əgər əvvəllər bununla əlaqədar rezidentlərlə Səhiyyə Nazirliyi arasında mülki-hüquq müqaviləsi bağlanmırdısa, Nazirlər Kabinetinin 21 noyabr 2013-cü il 330 nömrəli qərarı qüvvəyə mindikdən sonra rezidentlərlə Nazirlik arasında “Rezidenturada həkim-mütəxəssis hazırlığı haqqında” müqavilə bağlanır. Müqavilənin məqsədi respublika ərazisində əhaliyə ixtisaslı tibbi yardımın təmin edilməsi üçün klinik bazalarda həkim-mütəxəssislərin hazırlanması və onların müvafiq iş yerləri ilə təmin olunmasıdır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 290

Oxşar yazılar