Son 18 ildə Urmiya gölünün səviyyəsi 7,17 metr düşüb
16 yanvar 2014 22:39 (UTC +04:00)

Son 18 ildə Urmiya gölünün səviyyəsi 7,17 metr düşüb

Urmiya gölündə suyun səviyyəsi son 18 il ərzində 7.17 metr aşağı düşüb.

 

APA - nın “Mehr” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bunu İranın Qərbi Azərbaycan vilayətinin Ekologiya və Ətraf Mühitin Mühafizəsi İdarəsinin müdiri Həsən Abbasnejad deyib.

 

Onun sözlərinə görə, 2012-ci ildə Urmiya gölü dəniz səviyyəsindən 1270,87 metr hündürlükdə yerləşirdi: “Ancaq 2013-cü ildə bu göstərici 1270,55 metrə düşüb. Halbuki 18 il bundan əvvəl Urmiya gölü dəniz səviyyəsindən 1277,72 metr hündürlükdə yerləşirdi. Bu da Urmiya gölündə suyun səviyyəsinin son 18 il ərzində 7.17 metr azaldığını göstərir. Eyni zamanda ötən ilin eyni dövrü ilə müqayisədə Urmiya gölündə suyun səviyyəsi 32 sm azalıb. Hövzənin orta dərinliyi maksimum 7,5 metrdir. Ancaq qeydə alınmış rəqəm 6,5 metrdir. Bu səviyyə minimum ekoloji tarazlıqla müqayisədə 5,3 metr azalıb”.

 

H.Abbasnejad deyib ki, Urmiya gölünün 85%-i şoranlaşıb: “Hazırda hövzənin yalnız 6%-də su qalıb. Bu isə 2 milyard kubmetr su deməkdir. 2012-2013-cü illərdə Urmiya gölünə hövzəyə axan çaylardan 2,1 milyard kubmetr su daxil olub. Bununla belə, Urmiya gölü ötən illə müqayisədə 600 milyon kubmetr su itirib”.

 

Qərbi Azərbaycan vilayətinin Ekologiya və Ətraf Mühitin Mühafizəsi İdarəsinin müdiri vurğulayıb ki, Urmiya gölündəki böhran çox ciddidir: “Çünki gələcəkdə onun nəticələri Tehran, Zəncan, Qəzvin və digər vilayətlərin sakinlərinin vəziyyətini mürəkkəbləşdirəcək. Bu ekoloji böhrana əvvəlkindən daha çox əhəmiyyət verilməlidir. Əks təqdirdə Urmiya gölünün üzləşdiyi böhranla xərçəng və tənəffüs xəstəliklərinin artmasını gözləməliyik”.

 

Xatırladaq ki, Urmiya gölü İranın Şərqi və Qərbi Azərbaycan vilayətlərinin ortasında yerləşir. Sahəsi təxminən 6 min kv. km olan Urmiya gölünün 70 faizi 50 il ərzində tamamilə quruyub və şoranlığa çevrilib. Göldəki suyun səviyyəsi isə 1995-ci ildən azalmağa başlayıb. Artıq Urmiya gölünün ərazisi çox kiçilib və 5 adanın ətrafındakı su tamamilə quruyub. Mütəxəssislər duz fırtınalarının baş verəcəyi və insanların sağlamlığına, təsərrüfata xeyli ziyan vuracağı barədə dəfələrlə xəbərdarlıq edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 547
avatar

Oxşar yazılar