Xəzər dənizinin Azərbaycan sektorundakı neft-qaz yataqlarında ekoloji monitorinqlərə start verilib.
SOCAR-ın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, bu məqsədlə Ekoloji Monitorinq Departamentinin Ekoloji Tədqiqatlar Ekspedisiyası tərəfindən may ayında N.Nərimanov adına NQÇİ-nin istismarında olan “Səngəcal-Duvvanı-Xərə-Zirə” və “Ələt dəniz” yataqlarında “MPK-452” gəmisi vasitəsi ilə ətraf mühitin vəziyyətinin monitorinqi həyata keçirilib.
Monitorinqlər zamanı seçilmiş stansiyalarda Niskin tipli batometr vasitəsilə su nümunələri götürülüb, gəminin laboratoriyasında “Professional Plus” çoxrejimli analitik cihaz vasitəsi ilə su nümunələrində hidrogen ionlarının qatılığı (pH), oksigenin miqdarı, suyun duzluluğu, elektrik keçiriciliyi və temperatur təyin olmuşdur. Alınmış fiziki-kimyəvi nəticələrin Xəzər dənizi üçün xarakterik göstəricilər həddində olduğu müəyyən edilib.
Bundan başqa “Van Veen” dibcarpanı vasitəsi ilə bioloji tədqiqatlar üçün dib çöküntüləri, bentos nümunələri, eləcə də dəniz suyundan fitoplankton və zooplankton nümunələri götürülüb, tədqiqat gəmisinin laboratoriyasında emal edilib, qablaşdırılmış və Kompleks Tədqiqatlar Laboratoriyasına təhvil verilib.
Qeyd edək ki, hazırda ekoloji monitorinq işləri SOCAR-ın digər dəniz yataqlarında da davam etdirilir.