O, Bakıya Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun yubiley tədbirində iştirak etmək üçün gəldiyini deyib. Gəlmişkən onu arayıb-axtaran telekanalların əməkdaşları ilə də görüşür, verilişlərə çəkilir.
“Yaşa dolduqca ətrafına diqqətlə baxmağa başlayırsan. Qazandığın dünyagörüşü sənə baş verən dəyişiklikləri görməyə, anlamağa kömək edir. Yəni dəyişib müdrikləşir adam. Adətən, gənclər dəyişkən olur, tələsir. İnsan müdrikləşdikcə, yaşı artdıqca sakitləşir. Səni qarşıda nə gözlədiyini, nə baş verəcəyini bilirsən. O üzdən rahat qarşılayırsan hər şeyi. Məndə yaradıcılıqla bağlı da belədir. Rahatam, çünki bilirəm ki, işimlə məşğulam. Heç nə mənim tələsməyimlə həll olunmur, hər işin həllinin zamanı var. İndi ümumi baxılsa dünyada heç nə sakit deyil. Götürün elə Ukraynanı. Orda vəziyyət çox pisdir. Həddən artıq pis. Bu, mənə vətəndaş kimi pis təsir eləyir. Vətəndaş deyəndə mən bilirsinizmi nəyi nəzərdə tuturam? Azərbaycan mənim vətənimdir, Rusiyada yaşayıram oranı da sevirəm. Amma özümü dünya vətəndaşı sayıram. Biz gərək vətənimizin hara olması, dünyanın harasında yaşamağımızdan asılı olmayaraq bütövlükdə dünyanı sevək. Ö üzdən məni dünyada baş verən hər şey, narahatlıq problem törədən bütün məsələlər narahat edir”.
Moskvada qırx ildən çoxdur yaşayan müğənni hələ də ora müvəqqəti yaşayış yeri kimi baxdığını bildirib:
“Bakını çox sevmişəm, sevirəm də. Həmişə də o hisslə yaşayıram ki, bir gün mütləq bura dönəcəyəm. Əslində, mən Moskvaya gitara təhsili almağa getmişdim. Sonra həyat elə gətirdi ki, qalası oldum. Sovetlər dönəmində gitara təhsili almaq üçün Bakıda məktəb yox idi. O üzdən Moskvaya gedəsi oldum. Təhsilimi bitirib qayıdacaqdım. İş elə gətirdi ki, qayıda bilmədim. Hərbi xidmətə də ordan getdim. Çox çətin hərbi xidmət keçdim. Ondan sonra qərara gəldim ki, ifaçı kimi də təhsilimi Moskvada alım. Bunu da elədim. Və mən sənətə, səhnəyə ilk addımlarımı da Moskvada atmalı oldum. Yəni həyat məni mən istəmədən ora çəkdi. İlk dəfə Rusiyanın mərkəzi kanalında efirə çıxdım. Ondan sonra məni görüb tanıdılar. Adım da nadir ad idi o dövr üçün. Hamı deyirdi bu Sərxan kimdir? Biri deyirdi dağıstanlıdır, biri başqa bir yer adı söyləyirdi. Azərbaycanda məni sonra, lap sonralar sevməyə başladılar. Özü də yavaş-yavaş yox, birdən sevdilər. Atam Dövlət Televiziyasının fars redaksiyasında redaktor kimi çalışırdı. Onda mən artıq Moskvada əməlli-başlı tanınırdım. Azərbaycanda da uzaqdan tanıyırdılar məni. Bilirdilər ki, azərbaycanlıyam. Bir dəfə atamın yanında məndən söz düşəndə, gülümsəyib deyib ki, mənim oğlumdur. İşdə bir az qınayıblar onu, indiyə qədər demədiyinə görə. Sonra Tamella Aşumova atama deyib ki, Sərxan gələndə bizə deyin onu çağıraq çəkilişlər edək Dövlət Televiziyasında. Televiziyanın nüfuzlu redaktorlarından idi Tamella xanım. 1982-ci ildə həmin çəkiliş baş tutdu. Efirə gedəndən sonra küçəyə çıxa bilmirdim. Cavan idim, bu, mənim çox xoşuma gəlirdi. İndi küçəyə də çıxıram, rahat gəzirəm də. Düzdür, yenə tanıyırlar, amma daha o illərdə olduğu kimi təsirlənmirəm. Və insanlarda özümə qarşı böyük hörmət hiss edirəm. Amma deyim ki, o boyda şöhrət heç vaxt məni çaşdırmadı. Buna çox sevinirəm”.
Repertuarında italyan, ispan, rus dilində mahnıların çox yer aldığını söyləyən ifaçı bütün mahnılarda öz xəttinin olduğundan da danışıb:
“İstədiyim bir xal varsa onu mütləq mahnıya vururam. Kimisə təkrarlamıram. Sadəcə, öz əlavəmi edirəm. Qaldı ki, o ifa və o mahnı yaşayacaq, ya yox... Onu mən seçmirəm, tamaşaçı seçir. Azərbaycan dilində ilk oxuduğum mahnı “Ay gecikən məhəbbətim” idi. Onu ifa edəndə mən bu qədər sevilib, yaşayacağını ağlımdan keçirmirdim. Moskvada yaşayırdım, konsertlərimdə Azərbaycan dilində mahnıya ehtiyac duyulmurdu deyə açığı mən də buna əhəmiyyət vermirdim. Azərbaycan dilində oxumasam da, Azərbaycanda dövlət konsertlərinə dəvət edirdilər. Həmin konsertlərin təşkili işinə rəhbərliyi maestro Niyazi edirdi. Həmişə məni çağırıb deyirdi ki, Sərxan gəl iki mahnı oxu. Gəlirdim. Bir dəfə o konsertlərin birində ümummilli lider Heydər Əliyev səhnə arxasında iştirakçılarla görüşdü. Hamı ilə Azərbaycan dilində danışdı. Mənə çatanda rus dilində, necəsən, soruşdu. Bir az ehtiyatlansam da “nə olar, mənimlə də Azərbaycan dilində danışın” dedim. Bərkdən qayıtdı ki, Azərbaycan dilində danışırsansa, bəs niyə Azərbaycan dilində oxumursan?!...
Düzü, bir az da utandım və çaşdım. Dedim böyük səhvimdir. Əslində, çox düz irad idi. Evə gəldim valideynlərimə də dedim. Dedilər düz deyir, oxumalısan. Bibim oğlu var, Fərhad Naibov. İndi Dövlət Televiziyasında çalışır, baş rejissordur. O, mənə Tofiq Bayramın şeirlərini gətirdi. Dedi otur bax, bunlar yaxşı şeirlərdir. Xeylisini oxudum. Amma “Ay gecikən məhəbbətim” tutdu məni. Fərhad da onu məsləhət bilmişdi, əslində. Bəstələdim və oxudum. İndi hərdən Fərhad da deyir ki, bax, Heydər Əliyev dedi, mən gətirdim, sən də oxudun şöhrətləndin haa... Təbii ki, zarafat edir. Və gülürük”.
"Niyə Sərxan Sərxan? Soyadda standart sonluqlar yoxdur" sualına müsahibimiz belə cavab verib:
“Mənim soyadım Qurbanbəyovdur. Bunu müəllimlərim də, sonra aparıcılar da tələffüz edə bilmirdilər. Bir dəfə Moskvada efirdə gördüm ki, aparıcı yenə çaşır. Dedim, sadəcə, Sərxan de. Dedi yox elə olmaz, qoymazlar. Dedim onda iki dəfə de, Sərxan Sərxan. O dedi və eləcə də qaldı”.
Sonra o, uşaqlığından danışıb. “Bakıda doğulmuşam. 134 saylı məktəbi bitirmişəm. İdmanla məşğul idim. Avarçəkmə ilə. Musiqi ilə məşğul deyildim. Yadımdadır, altı yaşımda atam məni musiqi məktəbinə aparmışdı, piano sinfinə yazdırmaq istəyirdi. Uşaq olsam da atama demişdim ki, “mən qız deyiləm”. Yəni getməmişdim musiqi məktəbinə. İdmana meyilli idim.
Çox şuluq uşaq idim. Dərs oxumaqla aram olmazdı. Həmişə məni zorla gətirərdilər evə. Deyirdilər bəsdir gəzdin küçələri. Bir dəfə öyrəndim ki, böyük qardaşımın dostu klassik gitara alətində ifa edir. Mənim gitara ilə ilk tanışlığım onun yanında oldu. Sevdim o aləti. Bir dəfə bizə gəldi, gitarada ifa elədi. Onda qərar verdim ki, bu aləti mən də öyrənəcəyəm. Atama dedim. Yox cavabı aldım. Gündəliyimi əlində tutub “bu iki-üçlə sən hələ gitara da istəyirsən” deyib üzümə çırpdı gündəliyi. Mən qayışla döyülən uşaq olmuşam. Dərs oxumurdum, nadinc idim, hələ siqaret də çəkirdim. Əslində, atam düz eləyirdi. Sonralar mənə deyirdi ki, yaxşı ki, səni o vaxt qayışla döymüşəm. Yoxsa indi belə olmazdın. Atam gitara öyrənməyimə razılıq verməyəndə ona dedim ki, çıxıb gedəcəyəm evdən. Getdim də. Bir gün küçədə bayraqları sərib üstündə yatdım. Milis filan görəndə qaçıb gizlənirdim qorxumdan. Səhəri bacımın rəfiqəsigildə qaldım. Evimizin qapısında atamın çıxıb getməsini gözlədim bir gün. Atam getdi. Bacım çıxdı ardınca. İki gündür düz əməlli yemək də yemirdim. Nə illah elədi ki, evə girim. Dedim atam razı olana qədər evə girməyəcəyəm. Mənə küçəyə yemək gətirdi bacım. Sonra anam atama demişdi ki, belə olmaz, razılıq ver, çıxıb gəlsin evə”.
Sonra müğənni ilk sevgisindən danışıb: “Mənim ilk məhəbbətim olub. Özü də sıradan məhəbbət olmayıb. Adı Svetlana idi. Uzun müddət böyük sevgi yaşadıq. Aktrisa idi. İkimiz də Moskva Konservatoriyasının yataqxanasında qalırdıq. Sonralar bildim ki, onun nişanlısı var. Amma mənimlə tanışlıq müddətində bunu gizlədibmiş. Həm öz nişanlısını, həm də məni aldatmışdı. Bunu biləndə dedim ki, səni kiminləsə bölüşmək istəmirəm. Sən isə ikimizi də aldatmısan. Çıxıb getdim. Belə ayrıldıq. Sonra bizim yataqxananın komendantı mənə danışırdı ki, mən gedəndən sonra o, pilləkəndə oturub uzun-uzadı ağlayıb. Bilirdim məni sevir. Amma yalan deməsini bağışlaya bilmədim. Amma ona olan münasibət illərlə içimdə qaldı, özü də dəyişmədi. Həmişə tikan kimi batırdı mənə. İllər keçdi. Mən “Musiqi müəllimi” filminə çəkilmişdim artıq. Lujnikdə konsertə hazırlaşırdıq. Zəng vurdular ki, sizi “Mosfilm”dən bir xanım soruşdu və dedi ki, axşam zəng edəcək. Axşam yenə zəng gəldi. Mən xəttin o başındakı səsi tanıya bilmədim. O, bunu anladı. Dedi ki, Svetlanayam. Hansı hisslər keçirdiyimi izah eləyə bilmirəm. Ailəsindən, yaxşı adam olmadığı üçün ərindən ayrıldığından danışdı. Qəfildən məndən soruşdu ki, mənimlə ailə qurarsanmı? Çaşıb qaldım. Dedim bu ayaqüstü danışılacaq məsələ deyil. Onda artıq həyatımda başqa qadın da vardı. Qızımın anası ilə tanış idik. Amma buna baxmayaraq, mən Svetlana ilə görüşdüm. Gözlədiyim olmadı. Ona qarşı heç nə hiss eləmədim. İllərdir içimdə məni incidən, adına məhəbbət dediyim o tikan, elə bil, birdən-birə yox oldu. Çünki qarşımdakı o adam, o qız deyildi. Elə bildim tamam başqa biri gəlib onun yerinə. Çox dəyişmişdi. Bir də biz oturub söhbət edəndə konyak içməsini gördüm. Bu da xoşuma gəlmədi. Biz bir də görüşmədik”.
Sərxan Sərxan ailə həyatından da danışıb: "Həmişə istəmişəm ki, böyük məhəbbətimi Bakıda, Azərbaycanda tapım, amma bu alınmayıb. “Bəlkə də, atamgilin sözlərinə qulaq assaydım bu olardı. Amma qulaq asmadım. Ailəm də olmadı. Ruslar yaxşı millətdir. Sadə adamdılar. Amma daha yaxşı olar ki, adam öz milləti ilə ailə qursun. Yaş artdıqca həyat yoldaşı adama daha çox lazım olur. İndi düşünürəm ki, əgər yaxşı ailən olmasını istəyirsənsə, gərək anan hansı millətdəndirsə o millətin qızını alasan. Mən sənətçiyəm. Bəlkə, mən bu yolu, sənəti seçməsəydim həyatım ayrı cür olardı. Ailəm də, nəvələrim də olardı indi. Bəlkə, o məsuliyyətlərə görə indikindən daha yaşlı da görünərdim. Həmişə şəxsi həyatda tək olmağımı düşünəndə demişəm ki, bəlkə də, elə sənətçi tək olmalıdır ki, ailə məişət problemləri ilə yüklənməsin. Öz işini yaxşı görə bilsin. Sənətçi kişi ilə evlənən qadın qurbandır. O, həyatını həmin kişiyə qurban verir. Qadınlar diqqəti sevir. Amma sənətçilərin xanımları, sadəcə, susur. Onlar heç zaman demirlər ki, sənətini at, bir az da mənə diqqət elə. Əmin olun həmin söz deyilirsə, o sənətçi heç nə edə bilməz. Həmin qurban xanımın bircə təsəllisi o odur ki, bu kişi onun yanındadır. Ailəsinin başçısı, övladının atasıdır. Sizə bir şey də deyim, ailə məsələsində bizim azərbaycanlı qadınlardan, gözəli, qayğıkeşi, ailəcanlısı, mehribanı heç yerdə yoxdur”.
O, indiki ifaçıların və özünün əsas gəlir mənbəyi məsələsinə də toxunub:
“Mənim əsas gəlirim tamaşaçıların alqışı və diqqətidir. Mən sənətə gələndə pul qazanmaq ikinci dərəcəli məsələ idi. Əsas o idi ki, sənəti sevirdin. Həm də gördüyün işə görə bir az da pul qazanırdın. Bu, mənə yetirdi. İndi baxıram şou biznesə, təəssüf eləyirəm. Amma onların da təqsiri yoxdur. Həyat onların elədiyini tələb edir burda. Burada səhnə, səhnə mədəniyyəti yoxdur, yaxşı təşkil olunmuş konsertlər yoxdur, amma yaratmaq olar. Sovet dönəmində estrada müğənnilərindən yalnız mən çoxlu sayda konsert verə bilirdim. Dalbadal verdiyim on konsertin onu da anşlaqla keçirdi. Amma indi əsas gəlir mənbəyi toylar olub. Bu bir yana, xoş olmayan odur ki, toylarda oxunan mahnılar səhnələrə gətirilib. Bizim zamanlarda belə ola bilməzdi. Tofiq Quliyev, Rauf Hacıyev, Polad Bülbüloğlu kimi bəstəkarlar toy mahnıları yazmırdılar. Eyni zamanda o zaman “qara siyahı” da var idi. Kim toylara gedirdisə, adı həmin siyahılara düşürdü və onu efirə buraxmırdılar. Çünki təkcə efirlərə çıxmaqla müğənnilər yaxşı pul qazana bilirdilər onda. Məsələn, mənə toy lazım deyildi. Çünki konsertlərlə, işimlə böyük pullar qazanırdım. Bayaq dedim ki, iyunda gəlib Bakıda konsert verəcəyəm. İndi onun puluna bir il necə dolana bilərəm? Mümkün deyil. Müğənnilər buna görə toylara gedirlər. Bizdəki toy qaydaları dünyanın heç yerində yoxdur. Heç kim süfrəyə bu qədər yemək qoymur. Bu nəyə lazımdır? Biz toya ac gəlmirik ki? Məncə, birinci süfrədəki yeməkləri azaltmaqdan başlamaq lazımdır islahata. Süfrələri yığışdırıb gələn qonaqlara yaxşı toy proqramı təşkil eləmək olar. Mən toylara pul qazanmaq üçün getmirəm. Gedəndə yaxınların və dostların toylarına gedirəm. Özü də havayı. Getdiyim toyu da özüm qururam. Qurduğum toylar kiminin xoşuna gəlir, kimi də deyir ki, bu, toy olmadı ki, biz oynamadıq, elə bil, konsertə gəlmişdik. Amma mən dəqiqi bilirəm ki, əslində, toy elə mənim qurduğum kimi olmalıdır. Əsas gəlir mənbəyimə gəlincə, deyim ki, qazancım verdiyim konsertlərdən cıxır. İstedadlı adamlar bir az tənbəl olur. Məndə də bir az o arxayınçılıqdan var. Amma bu ondan irəli gəlmir ki, mən fəxri ad almışam, bir az tanınıram və sair. Bu, sadəcə, bir az ləng olmağımdan irəli gəlir. Həm də gərək çıxanda səviyyəli bir işlə çıxasan ortaya. Mən Azərbaycan dilində axırıncı mahnını iki il öncə yazmışam. Tofiq Məliklinin sözlərinə yazılıb mahnı.
“Üstünə Sərxan Sərxan möhürü vurulan mahnıda “Ay gecikən məhəbbətim” deyirsiniz. Həyatda nələrə gecikdiniz” sualını o, belə cavablandırıb: “Nə sənətdə, nə şöhrətdə heç nəyə gecikmədim. Bircə yaxşı ailə sahib olmağa çox gec qaldım”.
Sərxan Sərxan: "Sənətçi kişi ilə evlənən qadın qurbandır"
“Üç dama” verilişinin budəfəki qonağı Azərbaycanın əməkdar artisti Sərxan Sərxandır.
285