Nazir: "Zərərçəkənlərin sosial müdafiəsi üçün bütün tədbirlər görüləcək"
20 may 2015 15:50 (UTC +04:00)

Nazir: "Zərərçəkənlərin sosial müdafiəsi üçün bütün tədbirlər görüləcək"

Səlim Müslümov: “Yanğın zamanı zərərçəkənlərin sosial müdafiəsinin təmin olunması barədə Prezident tərəfindən müvafiq tapşırıqlar verilib”

 Binəqədi rayonu ərazisində yanan binanın  sakinlərinin müvəqqəti yaşayış yeri ilə təmin olunması üçün ayrılmış yerlərdən biri də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Bilgəh qəsəbəsindəki Müharibə və əmək əlilləri pansionatıdır. ƏƏSMN-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Lent.az-a verilən məlumata görə, nazir Səlim Müslümov bu gün pansionata gələrək, yanan binanın sakinlərindən bir hissəsinin müvəqqəti yerləşdirilməsi üçün nəzərdə tutulan otaqlar və kotteclərdəki şəraitlə tanış olub.

Ayrılmış yerlərdə müasir tələblərə cavab verən məişət şəraiti mövcuddur.

S. Müslümov  yanğın zamanı yaxınlarını itirmiş şəxslərin ailələrinə yardımların verilməsi, komissiya tərəfindən bu  yardımların məbləğlərinin müəyyən olunması, o cümlədən xəsarət almış şəxslərə yardımların verilməsi, onların müalicəsinin təmin olunması, həlak olmuş şəxslərin dəfn mərasiminin dövlət hesabına həyata keçirilməsi barədə prezident tərəfindən tapşırıqlar verildiyini bildirib.  

S.Müslümov bildirib ki, xilas olunan sakinlərinin, orda yaşayan ailələrin təcili növbədə yerləşdirilməsi ilə əlaqədar bir sıra yerlər müəyyən olunub.

Həmçinin ƏƏSMN-nin Bilgəh qəsəbəsindəki Müharibə və əmək əlilləri pansionatında iki kottec, 18 otaq hazırlanıb. Bundan başqa, Dövlət Sərhəd Xidmətinin Goradildəki pansionatında 10 kottec, Həmkarlar İttifaqları Konfederasiyasının Buzovnada yerləşən sanatoriyasında 36 otaq hazırlanıb: “Eyni zamanda həmin ailələrə təklif olunub ki, onlara istədikləri halda müvafiq maliyyə vəsaiti ödənilsin ki, kirayə mənzillər tutsunlar. Onların çoxusu yaxın ərazilərdə mənzil kirayə etməyə üstünlük verib və onlara bunun üçün müvafiq maliyyə vəsaitləri ödənilib”.

S.Müslümov bununla belə, zərərçəkmişlərin yerləşdirilməsi üçün yerlərin hazır vəziyyətdə olduğunu bildirib:

Nazir bildirib ki, yanan binanın dayanıqlığı yoxlanılacaq, əgər bina yanğından sonra dayanıqlı vəziyyətdədirsə, onda o binanın dövlət hesabına hökumət tərəfindən təcili təmir olunması, eləcə də bütün mənzillərin müvafiq avadanlıqlarla, yəni mebellərlə, digər əşyalarla təmin olunaraq həmin ailələrə təqdim olunması həyata keçiriləcək.

 S.Müslümov Komissiya tərəfindən yanğın zamanı zərərçəkənlərin sayının dəqiqləşdirilməsi işlərinin də aparıldığını, yanan binanın sakinlərinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində bütün zəruri tədbirlərin görüləcəyini diqqətə çatdırıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 211

Oxşar yazılar