Səhiyyə Nazirliyi Avropa Oyunlarına görə qərargah yaratdı
09 iyun 2015 17:40 (UTC +04:00)

Səhiyyə Nazirliyi Avropa Oyunlarına görə qərargah yaratdı

0

İyun ayının 12-dən 28-dək Azərbaycanda keçiriləcək "Bakı-2015" ilk Avropa Oyunları çərçivəsində ölkəmizə səfər edəcək idmançılara, iştirakçı ölkələrin nümayəndə heyətlərinə və qonaqlara oyunlar zamanı tibbi xidmətlərin vaxtında və tam həcmdə göstərilməsini və lazımi halda operativ həllinin təmin edilməsi üçün Səhiyyə Nazirliyində qərargah fəaliyyət göstərəcək.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, qərargahda 24 saat ərzində xarici dilləri bilən mütəxəssislər Qaynar Xətt xidmətinə daxil olan müraciətləri qəbul edəcəklər.

İdmançılara tibbi xidmətlərin ambulator şəraitində göstərilməsi məqsədi ilə Atletlər kəndində müasir standartlara uyğun olaraq zəruri tibbi avadanlıqlarla təchiz olunmuş poliklinika yaradılıb. Poliklinikada xarici həkimlərlə birgə müvafiq beynəlxalq təlimlər keçmiş yerli tibb mütəxəssisləri də tibbi yardım göstərəcəklər.

Eyni zamanda, idmançılara və gələn qonaqlara oyunlar zamanı ixtisaslaşdırılmış tibbi yardımın göstərilməsı məqsədi ilə Bakı şəhərində iki xəstəxana: Kliniki Tibbi Mərkəz və Bakı Sağlamlıq Mərkəzi ayrılıb. Eləcə də 300 nəfər xüsusi təlim keçmiş tibb işçisi yarış obyektlərinin tibb məntəqələrində, həm də tamaşaçılara lazım olduğu halda tibbi xidmət göstərəcəklər.

İdmançılara və ölkəmizə gələn qonaqlara təcili və təxirəsalınmaz tibbi yardım göstərilməsi üçün müasir avadanlıqla təchiz edilmiş 100 ədəd təcili tibbi yardım maşını alınıb. Həmin maşınlar yarış obyektlərində, qonaqlar yerləşdiyi ərazilərdə və digər sahələrdə 24 saat ərzində xidmət göstərəcək.

Bundan əlavə, təcili və təxirəsalınmaz tibbi yardım heyəti (150 nəfər həkim və 150 nəfər feldşer) ilkin tibbi yardımın beynəlxalq standartları üzrə xüsusi təlimlərə cəlb edilib. Bakı şəhəri təcili və təxirəsalınmaz tibbi yardım stansiyalarının həkimlərinə ingilis dili kursları təşkil edilib.

Oyunlar zamanı Bakıya gələcək qonaqlar üçün “Sağlam Bakı 2015 üçün hazır ol” adlı lifletlər hazırlanıb. Oyunlar zamanı ölkəmizin su və qida məhsullarının təhlükəsizliyi ilə bağlı Səhiyyə Nazirliyinin müvafiq laboratoriyaları üçün zəruri avadanlıq, reaktivlər və digər ləvazimatlar alınıb və tibbi heyət üçün prosedurlar üzrə təlimlər keçirilib, həmçinin dövlət sanitariya xidməti tərəfindən ictimai iaşə və məişət obyektləri üzərində nəzarət təmin olunub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 256

Oxşar yazılar