Son günlər qoşunların təmas xəttində həyata keçirilən əməliyyat zamanı bir neçə əsgər və zabit qəhrəmancasına şəhid olub. Ölkə ərazisindəki məscidlərdə şəhid olan Azərbaycan hərbçilərinin ruhuna dualar edilir, onlara rəhmət dilənir.
QİM-in mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, bu gün Bibiheybət Məscid Kompleksində də şəhidlər anılıb. Bu barədə məscidin axundu, Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının üzvü Hacı Rahib Babayev məlumat verib.
O bildirib ki, Şeyxülislamın tövsiyəsinə uyğun olaraq, bugünkü günorta namazında son günlər gedən döyüşlərdə canlarını Vətən yolunda fəda edən və şəhidlik kimi yüksək bir mərtəbəyə ucalan qəhrəman əsgər və zabitlər yad olunub: “Onların ruhlarına dualar oxunub, yaralılara şəfa dilənib. Moizədə Vətən sevgisi, şəhidlik məqamı barədə söhbət açılıb. Namazda iştirak edən dindarlar Azərbaycan ordusunun zəfər qazanması üçün dualar ediblər. Hamımızda böyük bir inam hissi var. İnanırıq ki, Azərbaycanın rəşadətli ordusu düşmən üzərində qəti qələbə qazanacaq, torpağımız işğaldan azad ediləcək. Allah bu qələbəmiz uğrunda vuruşan əsgər və zabitlərimizi qorusun!”.