Təhsil Naziri Mikayıl Cabbarov "Ümumi təhsil müəssisələrində ümumi orta təhsil üzrə xüsusi nümunəli şəhadətnamə almağa namizəd şagirdlərin müəyyənləşdirilməsi Qaydası"nı təsdiqləyib.
Təhsil Nazirliyindən Lent.az-a verilən məlumata görə, yeni qaydaların təsdiq olunmasında məqsəd ümumi təhsil müəssisələrində ümumi orta təhsil üzrə xüsusi nümunəli şəhadətnamə almağa namizəd şagirdlərin müəyyənləşdirilməsi prosesini tənzimləməkdir.
Qaydalara əsasən, oxuduğu müddətdə nümunəvi davranışı ilə fərqlənən, VIII-IX siniflərdə bütün fənlərdən illik, eləcə də buraxılış imtahanlarından“əla” qiymət alan, şəhadətnaməyə yazılan fənlər üzrə yekun qiymətlərin hamısı “əla” olanlar xüsusi nümunəli şəhadətnamə almağa namizəd şagirdlər hesab edilir.
Xüsusi nümunəli şəhadətnamə almağa namizəd şagird haqqında məsələyə sinif rəhbərinin təqdimatı əsasında məktəbin pedaqoji şurasında baxılacaq və müvafiq qərar qəbul ediləcək.
Bu qayda buraxılış imtahanlarından azad edilən və evdə fərdi təhsilə cəlb olunmuş məzunlara şamil edilməyəcək.