"Şahdağ Turizm Mərkəzi" QSC yaradıldı - <span style="color:red;">SƏRƏNCAM
10 sentyabr 2015 19:16 (UTC +04:00)

"Şahdağ Turizm Mərkəzi" QSC yaradıldı - SƏRƏNCAM

Prezident İlham Əliyev Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində “Şahdağ Turizm Mərkəzi” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında sərəncam imzalayıb.

 

Lent.az-ın president.az-a istinadən məlumatına görə, QSC Qusar rayonu ərazisində, Qafqazın şimal-şərq yamacında, dəniz səviyyəsindən 2350 metr yüksəklikdə yerləşən və ərazisi 2 min hektardan artıq sahəni əhatə edən Şahdağ Qış-Yay Turizm Kompleksinin tikilib istifadəyə verilmiş obyektlərinin idarə olunmasını təmin etmək məqsədi ilə yaradılıb.

 

Sərəncama əsasən, Cəmiyyət Mədəniyyət və Turizm Nazirliyinin nəzdində təsərrüfathesablı Şahdağ Qış-Yay Turizm Kompleksinin Müdiriyyəti tərəfindən dövlət büdcəsinin əsaslı vəsait qoyuluşu xərcləri hesabına tikintisi başa çatdırılmış, həmçinin tikintisi başa çatdıqca mərhələlərlə turizm və digər infrastruktur obyektlərini, nəqliyyat və kommunikasiya xətlərini istismara qəbul edir, həmin obyektlərin idarə edilməsini, o cümlədən müstəqil surətdə hüquqi və fiziki şəxslərlə müqavilə bağlayaraq istifadəyə (icarəyə) verilməsini təmin edir.

 

Cəmiyyətin Nizamnaməsinin və strukturunun təsdiqi, nizamnamə kapitalının miqdarının müəyyən edilməsi Nazirlər Kabinetinə, illik hesabatlarının, mühasibat balanslarının, mənfəət və zərər hesablarının təsdiqi, mənfəətinin və zərərinin bölüşdürülməsi;  xalis aktivlərinin dəyərinin iyirmi beş faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) bağlanmasına razılıq verilməsi; işçilərinin say həddinin və xərclər smetasının Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırılaraq təsdiq edilməsi; sədrinin və sədrin müavinlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi; bu sərəncamda qeyd edilənlər istisna olmaqla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə səhmdarların ümumi yığıncağının səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli Mədəniyyət və Turizm Nazirliyinə,  Cəmiyyətin idarə, nümayəndəlik və filiallarının yaradılmasına və ya ləğvinə, törəmə cəmiyyətlərinin yaradılmasına, yenidən təşkilinə və ya ləğvinə razılıq verilməsi Əmlak Məsələləri Dövlət Komitəsinə həvalə edilib. 

 

Cəmiyyətin yenidən təşkili və ləğvi Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilir.

 

Nazirlər Kabineti Cəmiyyətin Nizamnaməsini və strukturunu iki ay müddətində təsdiq etməli, Azərbaycan Respublikası Prezidentinin aktlarının bu sərəncama uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb ölkə prezidentinə təqdim etməlidir. 

 

Mədəniyyət və Turizm Nazirliyi cari ildən başlayaraq, Cəmiyyətin büdcəsinin formalaşdırılması və maliyyələşdirilməsi ilə bağlı təkliflərini Maliyyə Nazirliyi ilə razılaşdırmaqla bir ay müddətində Nazirlər Kabinetinə təqdim edəcək. 

 

Vergilər Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi və Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi Cəmiyyətin və onun səhmlərinin dövlət qeydiyyatına alınması üçün zəruri tədbirləri həyata keçirməlidirlər. Ədliyyə Nazirliyi isə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu sərəncama uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verməlidir. 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 255
avatar

Oxşar yazılar