Şahdağ Milli Parkında ekodəhlizlər yaradılacaq
"Ekoturizmin inkişafı sahəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) ilə birlikdə 2 ilə yaxındır işlərə başlamışıq. Ekodəhlizlərin yaradılması layihəsi çərçivəsində artıq Şahdağ Milli Parkında müvafiq işlərə başlanılıb".
APA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Regional Ekoloji Mərkəzinin Azərbaycan Nümayəndəliyinin direktoru Mələk Şükürova deyib. O bildirib ki, ekoturizm proqramının hazırlanmasında əvvəllər icmalar cəlb olunmamışdı:
"Bu ilin may-iyul ayına kimi bu proqrama icmaları da dəvət etdik. İcmalara təlimlər keçirildi. Onlarla birlikdə Şahdağ Milli Parkı üçün ekoturizm proqramı hazırlandı. Həmin proqram tərkibində ekocığırların inkişafı komponenti də var idi".
Onun sözlərinə görə, layihənin əsas funksiyası infrastrukturların salınmasıdır: "Hazırda mütəxəssislər yerində işləyir. Bununla bağlı işlər davam edir. Şahdağ Milli Parkında həyata keçirilən işlər uğurlu olsa, digər milli parklarda da həyata keçirəcəyik. Hazırda milli parkda 50-ə yaxın turistik cığırlar var. Bu il ərzində daha iki cığır da salınacaq. Şahdağ Milli Parkının Qonaqkənd və İsmayıllı ərazisində bu işlər davam edir".
M.Sükürova deyib ki, Qonaqkənddən başlayaraq milli parkın ərazisindən keçərkən yaylaqlara çıxış olacaq: "Burada da nadir və "Qırmızı kitab"a düşən heyvanları görmək mümkün olacaq".
650