Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) “Azərbaycan dili” fənnindən imtahan verən rus bölməsi abituriyentlərinin nəticələrini elan edib.
TQDK-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, nəticələrə görə, imtahanda iştirakı nəzərdə tutulan 8109 abituriyentdən 411 nəfəri imtahana gəlməyib, imtahan qaydalarına zidd hərəkətlərə yol verdiyi üçün 2 abituriyentin nəticələri ləğv edilib.
İmtahanda iştirak edən 7696 abituriyentdən 6476 nəfəri tələb olunan müsabiqə şərtini ödəyərək “məqbul” qiymət alıb.
İmtahanda iştirak etmiş abituriyentlər Komissiyanın internet saytı vasitəsilə nəticələri haqqında məlumatla, habelə cavab kartının qrafik təsviri ilə tanış ola bilərlər.
Abituriyentlər imtahanın nəticələri haqqında məlumatı həmçinin mobil telefonla iş nömrəsini 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.
Bildirək ki, bu imtahanda “qeyri-məqbul” qiymət alanlar, həmçinin müxtəlif səbəblərdən imtahanda iştirak etməyən abituriyentlər 12 iyunda keçiriləcək növbəti “Azərbaycan dili” imtahanında iştirak edə bilərlər.
Xatırladaq ki, mayın 1-də Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində rus bölməsinin abituriyentləri üçün “Azərbaycan dili” fənnindən imtahan keçirilib.