Bayraq hər bir dövlətin mövcudluğunun simvolu, azadlığının rəmzidir. Dövlətin varlığını, fəxarətini, tarixini, milli mənsubluğunu, dəyər və mənəviyyatını özündə cəmləşdirən atributudur. Dövlətin şərəf tarixi, mübarizə əzmi bayraqla tanınır, bayraqla ucalır. Bayraq dövlətin milli siyasətinin, dünyəvi gücünün təsdiqidir.
Bu baxımdan artıq ənənə halını almış 9 noyabr Bayraq günü Azərbaycan dövlətçiliyi tarixinə mübarizlik, şərəf, fərəh günü kimi daxil olmuşdur. Azərbaycanın hər bir uğurunun, qələbəsinin, hər bir tarixi amalının göstəricisi milli atributlarımızdır. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir. Türk mənsubluğunu, türk cəsarətini, müstəqillik naminə canından keçmiş şəhidlərimizin azadlıq ruhunu, islam dəyər və mənəviyyatının əsalətini birləşdirən üçrəngli bayrağımız Azərbaycanın mübarizlik, qətiyyətlilik simvoluna çevrilmişdir. Millətin millət kimi varlığını təsdiqləyən amillərdən biri - mübarizlik tarixini özündə əks etdirən illərdən bəri mövcudluğunu qoruyan, daim yüksəklərdə ucalan, milli müvəfəqqiyyətə aparan, milli kimliyini, vüqarını, dözümlülüyünü təsdiqləyən bayrağıdır.
Azərbaycan Respublikasının Dövlət bayrağı 1918-ci il noyabr ayının 9-da Azərbaycan Demokratik Cumhuriyyətinin qərarı ilə qəbul edilib. Sovet hakimiyyəti dövründə üçrəngli bayrağımızdan imtina edilib. Daha sonra üç rəngli bayraq 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarı ilə Muxtar Respublikanın Dövlət bayrağı kimi qəbul edilib. 1991-ci il fevral ayının 5-də Azərbaycan Respublikası Ali Soveti Naxçıvan Muxtar Respublikası Ali Məclisinin vəsadətinə baxaraq bayrağın Azərbaycan Respublikasının Dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərar qəbul edib. Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin 18 noyabr 2009-cu il tarixli fərmanından sonra 9 noyabr tarixi hər il “Milli bayraq günü” kimi dövlət səviyyəsində qeyd olunur.
Bu gün Azərbaycan bayrağı dünyanın ən mötəbər kürsülərində ucalır. Azərbaycan bayrağı mübarizliyimizin əzmi nəticəsində nəticəsində dünyanın müxtəlif hissələrində dalğalanır, tanınır. Bu hər bir azərbaycanlı üçün fəxarət, qürur mənbəyi olmalıdır. Hər bir vətəndaş öz milli mənsubluğu, öz milli varlığını tanımalı, milli kimliyini ehtiva edən bayrağını şərəflə ucaltmalıdır. Tezliklə bayrağımızın Qarabağda - azad olunmuş torpaqlarımızda dalğalanmasını, tarixi bütövlüyümüzün bərpasını ümid edirik. Əsrlərdən bəri qorunub saxlanan, yenməyən və yenilməyən Azərbaycanımızın bütövlüyü təmin olunmalı, millətin şərəf və ləyaqətini, yenilməzliyi, müstəqilliyini, mənəvi dəyərlərini, milli mənsubiyyətini təsdiqləyən üçrəngli bayrağı Qarabağ səmalarında görünməlidir!
Nailə Məmmədova
"Şərqi Avropada Təhsil alan Azərbaycanlı Tələbələr və Məzunlar" İctimai Birliyinin fəalı