Əməkdar jurnalist Qulu Məhərrəmli iki jurnalisti - İlhamə Novruzova və Rauf Rəcəbovu məhkəməyə verib. Lent.az-ın Report-a istinadən verdiyi məlumatına görə, bunu əməkdar jurnalistin nümayəndəsi Nicat Gözəlov bildirib:
"Həmin jurnalistlər mətbuatda Qulu Məhərrəmli haqqında yazılar yazıb. Qulu Məhərrəmli də hesab edir ki, həmin şəxslərin yazıları onun nüfuzuna ziyan vurur. İlhamə Novruzova ilə bağlı işə Nəsimi Rayon Məhkəməsində, Rauf Rəcəbovla bağlı işə isə Səbail Rayon Məhkəməsində baxılacaq".
Jurnalist İ.Novruzova isə Lent.az-a açıqlamasında bildirdi ki, bu barədə heç bir məlumatı yox idi:
"Elə təzəlikcə mətbuatdan oxudum. Yəni mənə hər hansı bir məhkəmədən bildiriş gəlməyib. Hesab edirəm ki, Q. Məhərrəmli məhkəməyə müraciət edərkən nələrəsə əsaslanıb. Amma mən də öz hüquqlarımı yaxşı bilirəm. Onun barəsində yazdığım hər bir cümlənin arxasındayam. Bu perspektivi əvvəlcədən gördüyüm üçün bütün sözlərimi ölçüb - biçmişdim. Mən neçə illərdi yazı yazıram, nəyin hüququ mübahisə yaratdığını bilirəm. Hesab edirəm ki, Q.Məhərrəmli məni və həmkarımı məhkəməyə verməklə yalnız ictimaiyyətin diqqətini yayındırmağa çalışır. Bu onun Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Alışanovla məhkəməsini ikinci plana salmaq cəhdidir".
Qeyd edək ki, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin (ASC) sədri Arif Alışanov Q. Məhərrəmliyə qarşı məhkəməyə xüsusi ittiham qaydasında şikayət verib. A.Alışanov və Q.Məhərrəmli arasında narazılıq jurnalistin fevral ayında Azərbaycanda televiziyanın kütləvi yayımına başlamasının 60 illiyi ilə bağlı verdiyi müsahibədən sonra yaranıb.
Bu müsahibədən sonra isə jurnalistlər İlhamə Novruzova və Rauf Rəcəbov mətbuatda Q.Məhərrəmli barəsində yazılarla çıxış etdilər.