Ekologiya və Təbii Sərvətlər Nazirliyi ölkə ərazisində hava şəraitinin dəyişəcəyi barədə xəbərdarlıq edib. Nazirliyin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, aprelin 28-i axşama doğru qərb rayonlarından başlayaraq ayın sonunadək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu tədricən 5-10 dərəcə aşağı enəcək.
Aprelin 28-də Bakı və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecəyə doğru yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal qərb küləyi arabir güclənəcək.
Havanın temperaturu gecə 10-15 dərəcə, gündüz 19-24 dərəcə isti olacaq
Sabah Azərbaycanın rayonlarında hava şəraitinin əsasən gecə və səhər bəzi yerlərdə duman, çiskinli olacağı, gün ərzində qərb rayonlarından başlayaraq şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu Aran rayonlarında gecə 9-14 dərəcə, gündüz 21-26 dərəcə isti, dağlıq rayonlarda gecə 5-10 dərəcə, gündüz 14-19 dərəcə isti olacaq.
Aprelin 28-29-da Abşeron yarımadasında əvvəlki günlə müqayisədə hava şəraitinin dəyişməsi, arabir güclənən xəzri küləyi fonunda temperaturun aşağı enməsi bəzi meterohəssas insanlarda narahatlıq hissi yarada bilər.